Dövlət Sosial Müdafiə Fondunun (DSMF) hesablamalarına görə, 2018-2025-ci illərdə pensiya xərcləri üzrə dövlət büdcəsi hesabına qarşılanmamış öhdəliklər 9 milyard 848.1 milyon manat təşkil edib. Lakin Hesablama Palatası bildirir ki, bu məbləğ tərəflər arasında tam razılaşdırılmayıb və fondun hesabatlarında dövlət tərəfindən tanınmayan borc göstərilir.
Oxu.Az xəbər verir ki, məsələ Hesablama Palatasının DSMF-nin 2027-ci il büdcə layihəsinə verdiyi rəydə əksini tapıb.
Sənəddəki məlumatlara əsasən, fond 2018-2025-ci illər üzrə pensiya xərclərinin tərkibində dövlət büdcəsinin öhdəliklərini ümumilikdə 20 milyard 285.2 milyon manat hesablayıb. Həmin dövrdə dövlət büdcəsindən bu məqsədlə 10 milyard 437.1 milyon manat ayrılıb. Aradakı fərq fondun hesablamalarında 9 milyard 848.1 milyon manat göstərilib.
Rəyə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2025-ci ildə Maliyyə Nazirliyinə ünvanladığı məktubda da bu məbləğlər qeyd olunub.
Palatanın diqqət çəkdiyi əsas məqamlardan biri dövlət büdcəsindən fonda ayrılan vəsaitin müəyyənləşdirilməsi qaydasıdır. Rəydə bildirilir ki, həmin vəsait dövlətin pensiya öhdəliklərinin hesablanmış həcminə uyğun ayrılmaq əvəzinə, əsasən fondun gəlir və xərclərinin tarazlaşdırılmasına xidmət edir.
Bu yanaşmaya əsasən, büdcə təşkilatları üzrə sosial sığorta haqları nəzərdə tutulandan artıq hesablandıqda dövlət büdcəsindən ayrılan vəsait azaldıla bilər. Sosial sığorta haqları nəzərdə tutulandan aşağı olduqda isə ayrılan vəsaitin artırılması mexanizmi mövcuddur.
Hesablama Palatası bildirir ki, fondun sosial sığorta gəlirlərinin səviyyəsi ilə dövlətin pensiya öhdəliklərinin məbləği ayrı göstəricilərdir. Büdcə təşkilatları üzrə sosial sığorta daxilolmalarının artması sığortaya cəlb olunanların sayının çoxalması və ya əməkhaqqının yüksəlməsi ilə bağlı ola bilər. Dövlətin pensiya öhdəlikləri isə qanunla müəyyən edilmiş xərc istiqamətləri üzrə yaranır.
Rəydə xatırladılır ki, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, pensiyaların 1992-ci il yanvarın 1-dək qazanılmış pensiya kapitalına aid hissəsi, müəyyən güzəştlər üzrə formalaşan məbləğlər, qulluq stajına görə əlavələr və qanunda göstərilən digər ödənişlər dövlət büdcəsi hesabına maliyyələşdirilməlidir. Digər pensiya məbləğlərinin maliyyə mənbəyini isə məcburi dövlət sosial sığorta vəsaitləri və sosial sığorta ehtiyatı təşkil edir.
Qanun maliyyələşmə mənbələrindən birində vəsait çatışmadıqda müvafiq xərclərin digər mənbədən qarşılanmasına imkan verir. Bununla belə, palata dövlət büdcəsindən ayrılan vəsaitin hər il hesablanmış öhdəliklərdən aşağı nəzərdə tutulmasına diqqət çəkir. Qurumun qiymətləndirməsinə görə, bu yanaşma dövlət öhdəliyi xarakterli pensiya xərclərinin orta hesabla yarısının sosial sığorta vəsaitləri və ehtiyatı hesabına maliyyələşdirilməsi ilə nəticələnir.
Öhdəliklərin məbləğinin artmasına təsir edən səbəblərdən biri də pensiya əlavələrinin indeksləşdirilməsidir. Rəydə qeyd olunur ki, 2023-cü il yanvarın 1-dən qulluq stajına görə pensiya əlavələri də əvvəlki il üzrə nominal ortaaylıq əməkhaqqının artım tempinə uyğun artırılır. Bu dəyişiklik 2023-2025-ci illərdə dövlət öhdəlikləri üzrə hesablanan xərclərin yüksəlməsini şərtləndirib.
Digər məqam isə fondun hesablamaya daxil etdiyi xərc istiqamətlərinin genişlənməsidir. DSMF əvvəlki illərdən fərqli olaraq, "Əmək pensiyaları haqqında" Qanunun səkkizinci və 9.2-ci maddələri ilə nəzərdə tutulan halları da dövlət öhdəliklərinə daxil edib. Rəydə bu halların sığorta stajının azaldılması ilə bağlı güzəştləri əhatə etdiyi, hesablamalarda fonda ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı prinsipinin əsas götürüldüyü bildirilir.
Hesablama Palatasının qənaətinə görə, öhdəliklərin məbləğinin razılaşdırılmaması fondun əlavə istiqamətləri hesablamaya daxil etməsinə və məbləği birtərəfli qaydada artırmasına şərait yaradıb. Buna görə də rəydə göstərilən rəqəmlərin fondun hesablamalarına əsaslandığı ayrıca vurğulanır.
Məsələn, 2025-ci ildə fond dövlətin pensiya öhdəliklərini 3 milyard 412.54 milyon manat hesablayıb. Dövlət büdcəsindən ayrılmış 1.6 milyard manat həmin məbləğin 46.9 faizini təşkil edib.
2027-ci il üzrə fondun hesabladığı dövlət öhdəlikləri isə 3 milyard 831.72 milyon manatdır. Bunun 2 milyard 119.07 milyon manatı 1992-ci ilədək olan staja, 1 milyard 257.99 milyon manatı qulluq stajına görə əlavələrə aiddir.
Gələn ilin büdcə layihəsində dövlət büdcəsindən fonda 1.6 milyard manat ayrılması nəzərdə tutulur. Göstəricilərin müqayisəsinə əsasən, bu vəsait fondun hesabladığı öhdəliklərin təxminən 41.8 faizini qarşılayır. Aradakı fərq 2 milyard 231.72 milyon manat təşkil edir.
Palata sığorta prinsipinə əsaslanmayan ödənişlərin bir hissəsinin sosial sığorta gəlirləri hesabına qarşılanmasını fondun gələcək maliyyə dayanıqlığına təsir edən risk kimi qiymətləndirir. Qurum pensiya xərclərinin tərkibində dövlət öhdəlikləri üzrə məbləğlərin fondla dövlət büdcəsi arasında razılaşdırılmasını tövsiyə edir.
Abbas Mirzəyev