Son vaxtlar dünyanın müxtəlif nöqtələrində - Peru, İspaniya, İndoneziya, Çin, Yaponiya, Kolumbiya və s. kimi fərqli coğrafiyalarda güclü zəlzələlərin baş verməsi diqqət çəkib. Güclü yeraltı təkanların yaratdığı dağıntılar və insan tələfatı isə bu cür zəlzələlərin mümkün risklərini yenidən gündəmə gətirib.
Bəs dünyada güclü zəlzələlərin artmasının səbəbi nədir? Bu Azərbaycan üçün hər hansı təhlükə yarada bilərmi? Ölkəmizdə seysmik aktivlik hazırda hansı səviyyədədir və yaxın gələcəkdə güclü zəlzələ ehtimalı nə qədərdir?
Məsələ ilə bağlı Oxu.Az-a danışan Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli dünyada baş verən güclü zəlzələlərin Azərbaycana birbaşa təhlükə yaratmadığını bildirib:

"Plitələrin daxilində hərəkət var. Bu plitələrin daxilində hər zaman gərginlik toplanır. Bir müddətdir subduksiya zonalarında - istər Amerika və Yaponiyada, istərsə də Çində ard-arda zəlzələlər baş verir. 7-dən yuxarı maqnitudalı zəlzələlər güclü hesab olunur. Düzdür, dərinlikdən asılı olaraq bəzilərində fəsadlar az olur, amma son vaxtlar Filippində və digər ölkələrdə ciddi insan tələfatı qeydə alınıb.
Bunun Azərbaycan üçün birbaşa təhlükəsi yoxdur. Çünki yerləşdiyimiz Alp-Himalay qurşağının orta hissəsində elə bir böyük aktivlik müşahidə edilmir. Azərbaycanda baş verən xırda təkanlar, yaxud arada hiss olunan zəlzələlər qorxulu deyil, bu, gündəlik təbii prosesdir. Kompleks tədqiqatlar göstərir ki, ərazimizdə güclü, katastrofik zəlzələyə səbəb olacaq seysmogen hazırlıq getmir. Qaldı ki 4, 5 və ya 6 ballıq təkanlara, bunlar təhlükəli deyil, hətta normal tikililərdə xırda çat belə yaratmır.
Yaxın zamanlar üçün ölkəmizdə hər hansı bir zona yoxdur ki, orada güclü zəlzələ olması gözlənilsin. Bu hal yaxın gələcək üçün müşahidə edilmir".