Rusiya Silahlı Qüvvələrinin hücumundan sonra Krivoy Roqda ölənlərin sayı 16-ya çatıb. Dağıntılar altından daha bir qadının cəsədi çıxarılıb. Zərərçəkənlərin sayı isə 130-dur.
Oxu.Az xəbər verir ki, bu barədə öz "Telegram" kanalında Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.
Bildirilir ki, Krivoy Roqa hücum zamanı xəsarət alan 63 nəfər xəstəxanalara yerləşdirilib. Onlarda qəlpə yaraları, kəllə-beyin travmaları və yanıqlar var.
"29 nəfərin vəziyyəti ağırdır, onlardan beşi uşaqdır. 16 yaşlı qız Dneprdəki vilayət tibb müəssisəsinə köçürülüb. Hazırda o, əməliyyat otağındadır", - deyə Qanja yazıb.
Məmur itkin düşənlər barədə də məlumat verib. İlkin məlumata görə, belə şəxslərin sayı 9 nəfərdir, onlardan ikisi uşaqdır.
Şənbə gecəsinə olan məlumata əsasən, xilasedicilər ruslar tərəfindən viran qoyulmuş ticarət mərkəzinin dağıntılarını təmizləməyə davam edirlər.
Xatırladaq ki, avqustun 21-də Rusiya Silahlı Qüvvələri Krivoy Roqa hücum edib, ticarət mərkəzi zərbəyə məruz qalıb.