Dünyanın 100-dən çox ölkəsini motosikletlə qarış-qarış gəzən 59 yaşlı Kristiananın Azərbaycanı gəzmək istəyi yarımçıq qalıb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Qusarın Laza kəndinə gələn zaman onun motosikleti aşıb. Kəndə daxil olan kimi müvazinətini saxlaya bilməyən Kristiana motosikletdən yıxılıb. Motosikletə heç bir şey olmasa da, Kristiana Zaqar ayağından zədə alıb.
Bundan sonra o, Bakıya xəstəxanaya gətirilib və artıq evə də buraxılıb. Hələ də ağrılarının olduğunu deyən Kristiananın deyəsən Azərbaycanı gəzmək sevdasından əl çəkmək fikri yoxdur. Böyük və kiçikliyindən asılı olaraq getdiyi hər ölkədə bir neçə ay qalan səyyah deyir ki, gəzdiyi ölkələr içərisində ən çox sevdiyi Hindistandır. Amma azərbaycanlıların da qonaqpərvərliyi onun xoşuna gəlib.
Onun bu qədər ölkəni gəzməsi heç də səbəbsiz deyil. Bir səbəbi 17 il öncə həyat yoldaşından ayrılmasıdırsa, digər bir səbəbi yaşadığı həyat tərzinin yeknəsəqliyi olub.
“Mən özümdən soruşdum ki, hardadır mənim həyatım? Fikirləşirdim ki, həyatım keçir, amma mən yaşamıram. Beləliklə, mən hər şeyi - evimi, işimi tərk etdim və səyahətə çıxmağı qərara aldım” - deyə italyan turist Kristina Zaqar bildirir.
7 dil bilən Kristiana Zaqar Azərbaycan dilində ancaq salam və sağ ol sözünü bilir. Onun Azərbaycandan sonra növbəti səyahət edəcəyi ölkə isə Özbəkistan olacaq.