Dünyanın ən yaşlı nənəsi Ağdaş rayonunda yaşayır.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, üç əsrin acısını-şirinini yaşayan Gözəl Dadaşova 1889-cu ildə Şamaxıda anadan olub.
Hazırda Ağdaşın Orta Qəsl kəndində yaşayan nənə ermənilərin 1918-ci ildə azərbaycanlılara tutduğu divanı, həmvətənlərinə verdikləri işgəncələri gözləri ilə gördüyünü bildirib. Nənənin 5 övladı, 10 nəvəsi, 19 nəticəsi, 7 kötücəsi var.
Gözəl nənə 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində arxa cəbhədə insanların necə aclıq keçirdiyini və xəstəlikdən əziyyət çəkdiyini gözləri önündə canlandırır. Gözəl nənə təxminən 90 il kolxozda işləyib. Üzüm, pambıq, taxıl yetişdirib, zəhmət çəkib, halal çörək qazanıb. Gənclik illərində tüfənglə sərras atəş açdığını, yaxşı at çapdığını deyən Gözəl nənə üzün müddət yaylaq və qışlaqda mal-qara bəslədiyini bildirib.
Onun ailəsi əmindir ki, əgər 125 yaşlı Gözəl nənənin adının “Ginnesin rekordlar kitabı”na salınması üçün müraciət edilsə və onun yaşını metrik ölçülərlə yoxlasalar, onun planetin ən qoca sakini olması faktı təsdiqlənər.
Bildirək ki, Gözəl nənə 125 illik yubileyinin dövlət tərəfindən qeyd olunmasını istəyir.