Son zamanlar Baş Dövlət Yol Polisi əməkdaşları ilə bağlı qalmaqallı videogörüntülərin yayılması bitmir. Görüntülərdə daha çox polis əməkdaşlarının qanundan kənar hərəkətləri əks olunur. Lakin bu səfər DYP əməkdaşının sürücü ilə daha bir mübahisəsinin görüntüləri yayılsa da, polisin mədəni davranışı gözdən yayınmayıb.
Oxu.Az xəbər verir ki, DYP əməkdaşının sürücüyə iddia etdiyinə görə, vətəndaş avtomobili 90 km/s icazə verilən ərazidə, 124 km/s-də idarə edərək İXM-in 151.1-2 maddəsini pozub.
Sürücü öz növbəsində sürət həddini aşmasını əks etdirən videogörüntünü tələb edir və YPX əməkdaşından şikayətlənəcəyi barədə onu hədələyir. Hüquq mühafizə orqanı əməkdaşı sürücünü görüntüləri izləmək üçün xidməti avtomobilə dəvət etsə də, vətəndəş kəskin etirazını bildirərək qeyd edir ki, o öz şəxsi avtomobilini tərk etməyəcək və tələb edir ki, görüntüləri YPX əməkdaşı ona təqdim etsin.
Polis öz növbəsində sürücünün bütün hüquqlarını xatırladır və bildirir ki, protokoldan narazıdırsa etirazını bildirsin. Daha sonra hüquq mühafizə orqanı əməkdaşı mübahisə edən sürücüyə yerindəcə protokol yazır və vurğulayır ki, sürücünün sürət həddini aşmasını əks etdirən görüntüləri protokol ilə onun ev ünvanına gələcək. Və bundan sonra sürücünün iştirakı ilə onun təqsirli olub-olmaması barədə qərar qəbul olunacaq.
Oxu.Az vətəndaşın DYP əməkdaşı ilə maraqlı söhbətini sizə təqdim edir:
Elvin Əhmədov
www.oxu.az