Ailə büdcəsini fikirləşən adam zəhmət çəksin qaydalara da əməl etsin.
Oxu.Az xəbər verir ki, bunu Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev Qafqazinfo-ya müsahibəsində deyib.
Kamran Əliyev cərimələrin miqdarından narazı olanlara səslənib:
“Mən Avropa və Asiya dövlətlərində də olmuşam. Orada inanın ki, elə cərimələr var ki, insanın aylıq maaşının təxminən 70-80 faizini təşkil edir. Onda onlar da desinlər ki, biz niyə bu qədər cərimə ödəməliyik? Sadəcə o cərimədən qorxduğuna görə o hərəkəti etmir. Bilir ki, o hərəkəti etsə, bu cərimə ondan onsuz da tutulacaq. Və hardasa onun ailə büdcəsinə ziyan gələcək. Bizdə isə kimsə 300 manat maaş alırsa, deməli, bu sərxoş vəziyyətdə oturub maşın sürməlidir? Niyə sabah da deməlidir ki, cərimə 300 manatdır, mənim cəmi maaşım 300 manatdır? Onu kim məcbur edir ki, sükan arxasına içkili vəziyyətdə otursun? Ailə büdcəsini fikirləşən adam zəhmət çəksin qaydalara da əməl etsin. Axı sənin bu hərəkətin başqalarının da həyatına təhlükədir. Niyə ancaq özümüzü fikirləşməliyik?”
BDYP rəsmisi təhlükəsizlik kəməri taxmayan sürücülərə də toxundu:
“Niyə Avropada hamı uşaqdan böyüyə kəmər bağlayır, bizdə isə deyirlər ki, yox ey, kəmər məni sıxır. Niyə sıxsın? Həmin insan deyilik? Orqanizm həmin orqanizm deyil? Niyə onları sıxmır, bizi sıxır. Başqa misal gətirim. Niyə pik saatlarda inspektor svetofor olan yol ayrıcında durub xidmət aparmalıdır?
Bu insanların gözü görmür ki, orda svetoforun qırmızı, ya yaşıl işığı yanır? Mütləq orada inspektor dayanmalıdır? Hələ o xidmət apara-apara görürsən ki, kimsə qarışıqlıqdan istifadə edib yol ayrıcına daxil olur. Bunun özünün şüuru yoxdur ki, mən bu hərəkəti etməklə daha böyük problem yaradıram. Ona görə deyirəm ki, bizdə bəzi sürücülərin mədəniyyət səviyyəsi bir az yox, xeyli aşağıdır”.