Bu gün general Səməd bəy Mehmandarovun doğum günüdür.
Oxu.Az xəbər verir ki, ilk hərb nazirimiz, artilleriya generalı Səməd Bəy Mehmandarov 1855-ci ilin bu günü Lənkəran şəhərində dünyaya göz açıb.
Bakıda gimnaziya təhsili alan 16 yaşlı Səməd Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olub.
1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilib.
I Dünya müharbəsi başlanarkən Varşava ətrafında xidmət edən general S.Mehmandarovun komandir olduğu 21-ci piyada diviziyasının tərkibində dörd alay olub. Diviziya komandiri S.Mehmandarov Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə çalıb.
1915-ci ildə general S. Mehmandarov korpus komandiri təyin edilmişdi. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilib.
General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutub və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olub.
Ömrünün son üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olan General Səməd bəy Mehmandarov 12 fevral, 1931-ci ildə Bakıda vəfat edib.
E.Ə.
www.oxu.az
Rəylər