Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda ağacın məzarların üzərinə aşması ilə bağlı yayılan görüntülərə rəsmi münasibət bildirilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib ki, sözügedən əraziyə baxış keçirilib və ağacın kənar müdaxilə nəticəsində aşması faktı aşkarlanıb.
Qeyd olunub ki, bununla bağlı müvafiq akt tərtib edilib.
Bildirilib ki, Xətai Rayon Bələdiyyəsi tərəfindən aidiyyəti dövlət qurumuna müraciət edildikdən və müvafiq ekspert rəyi təqdim olunduqdan sonra ağacın götürülməsi həyata keçirilə bilər.
Bakını Xətai rayonunun Əhmədli kənd qəbiristanlığında güclü küləyin təsiri nəticəsində ağac qəbirlərin üzərinə aşıb.
Bununla bağlı görüntülər Oxu.Az-ın qaynar xəttinə daxil olub.
Müraciət edən şəxs bildirib ki, bir neçə gün əvvəl güclü küləyin təsirindən ağac aşaraq qəbiristanlığın hasarını dağıdıb və məzarların üzərinə düşüb.
O bildirib ki, hadisədən günlər keçməsinə baxmayaraq, ağac hələ də ərazidən götürülməyib. İddiaya əsasən, başdaşlarından birinə də ziyan dəyib.
Sakinlər həmçinin qəbiristanlıqda aşma təhlükəsi yaradan digər ağacların da olduğunu qeyd edərək, onların külək əsəndə yelləndiyini və növbəti günlərdə qəbirlərin, ziyarətə gələn adamların üzərinə düşə biləcəyindən narahat olduqlarını deyiblər.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.