“Hər il çimərlik mövsümü başlamazdan öncə nəzarətdə olan çimərliklərdə dənizə sualtı baxış keçirilir”.
Bunu son günlər dənizin elə də dərin olmayan hissələrində gənclərin boğulub ölməsi, belə faciələrə isə ardıcıl zəlzələlər səbəbindən çuxurların yaranmasının səbəb olması iddiaları ilə bağlı Oxu.Az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurullayev bildirib.

O, bu kimi halların təhlükəsizlik məsafəsini qısaltdığı və monitorinqlərin artırılması qənaətindədir:
“Hər il suyun dibinin relyefi, qabarmalar, yarğanlar, daş-qaya parçaları öyrənilir, suyun monitorinqi aparılır və yekunda ərazidə çimmək olar, ya yox – bununla bağlı qərar verilir. Bu baxışlar zamanı nöqsan, təhlükəli məqam varsa, aradan qaldırılır. Yox, əgər həmin problemləri aradan qaldırmaq mümkün olmursa, həmin çimərliklər çimməyə yararsız hesab edilir və qadağan olunur. Təbii ki, nəinki zəlzələ, hər hansı təbiət hadisəsinin baş verməsi sualtı mürəkkəb quruluşlu relyefdə dəyişikliklərə səbəb ola bilər. Sualtı axınlar, yarğanların yaranma ehtimalı var. Bu cür əlverişsiz hava şəraitindən və təbiət hadisəsindən sonra çimməyə yararlı hesab edilən, nəzarətdə olan çimərliklərdə sualtı relyefə baxış keçirilməlidir.
Hətta xarici ölkələrdə də əlverişsiz hava şəraitindən sonra insanların çimməsi üçün ayrılan çimərliklərə baxış keçirildikdən sonra yekun qərar verilir ki, bura hələ də təhlükəsiz çimərlik kimi qala bilər, ya yox”.
13:48
Son günlər çimərlikdə boğulmaların sayı artıb. Mövsüm açılandan ehtiyatsızlıqdan, eləcə də nəzarətsiz çimərliklərdə boğulma halları ilə bağlı kifayət qədər məlumat paylaşılıb. Lakin buna baxmayaraq, insanlar təhlükəsizlik tədbirləri olmayan çimərliklərdə üzməyə, özlərinin və yaxınlarının həyatlarını riskə atmağa davam edirlər.
Boğulmaları Xəzər dənizində qeydə alınan zəlzələlərlə bağlayanlar da az deyil. Bir neçə gün ard-arda qeydə alınan yeraltı təkanların çimərliklərdə sürüşmələrə səbəb olduğu, bu səbəbdən də dənizdə suyun dərinliyinə getməyən bir neçə şəxsin sürüşmə səbəbindən boğulduğu iddia edilir.
Bəs əslində, yeraltı təkanlar dənizdə bu cür hallara səbəb ola bilərmi?
Məsələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Oxu.Az-a açıqlamasında bildirib ki, son günlər Xəzərdə hər hansı dəyişikliklərə səbəb ola biləcək qədər güclü yeraltı təkanlar qeydə alınmayıb:

“Çimərlik ərazilərində suyun altında çuxurlar əmələ gəlib. Lakin buna səbəb yeraltı təkanlar deyil. Bir neçə gün öncə müşahidə edilən güclü küləklər dənizdə dalğaların sayını artırdı. Külək də suda burulğanlar yaradıb. Qum səthində də torpaq sürüşməsi, çuxurların yaranmasına səbəb budur. Aidiyyəti qurumlar əhaliyə müraciət edib, küləkli hava şəraitində çimərliyə getməməyi tövsiyə ediblər. Lakin təəssüf ki, gənclər, eləcə də kifayət qədər yaşlı insanlar bu məqamlara diqqət etmirlər. İnsan öz təhlükəsizliyini birinci özü düşünməlidir. Bu diqqətsizlik səbəbindəndir ki, son günlər Mərdəkanda, Buzovnada, Siyəzəndə, Şüvəlanda boğulma halları olub. Bu məsələyə çox diqqətli yanaşmaq lazımdır, dəniz zarafatı sevmir”.
Könül Cəfərli