Zaman-zaman vətəndaşların mağazadan aldığı ağartı məhsullarının istifadəyə yararsız olduğu barədə məlumatlar eşidirik. O da məlum olur ki, bu məhsulların istifadə müddəti başa çatmayıb.
Bəs, ağartı məhsullarının saxlanma şərtləri necədir?
Qida üzrə mütəxəssis Günel Məlikzadə Oxu.Az-a açıqlamasında bildirib ki, ağartı məhsulları yüksək riskli məhsullar qrupuna aiddir:
“Onların saxlanılmasına ciddi riayət edilməlidir. Məhsulun temperatur şərtlərinə riayət edilmədikdə tərkibindəki mikrobioloji dəyişiklik baş verir. Bu da insan sağlamlığı üçün təhlükə yaradır.
Odur ki, ağartı məhsulları 0-4 dərəcə soyuq temperaturda saxlanılmalıdır. Vətəndaş məhsulu alan zaman istehsal tarixinə baxmalı, qeyd etdiyimiz dərəcəyə diqqət etməlidir. Ağartı məhsulunun qapağı açıldıqdan sonra isə yalnız üç gün saxlamaq olar”.
Günel Məlikzadə bildirib ki, qaydalara əməl edilmədikdə qida zəhərlənmələri baş verə bilər:
“Bu məhsulların ağırlığı insanların həssaslığına görə dəyişir. Belə ki, həssas əhali qrupu olan uşaqlar, yaşlılar daha tez zəhərlənə bilərlər. İmmunitet çatışmazlığı olan insanların zəhərlənməsi ölüm hallarına səbəb ola bilər”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, vətəndaşlar bu cür hallarla rastlaşdıqda agentliyin qaynar xəttinə məlumat verməlidirlər. Bundan sonra qurumun mütəxəssisləri məsələ barədə dərhal araşdırma aparacaqlar.
İlhamə Əbülfət
www.oxu.az
Rəylər