Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Elcan Rəsulov: “Aydın Xırdalanlı Vüqar Biləcəridən yaxşıdır” - FOTO
“Afaq Bəşirqızı mənə dedi, çıx get burdan”.
Bu sözləri tanınmış aktyor, aparıcı Elcan Rəsulov müsahibəsi zamanı deyib.
Həmin müsahibəni təqdim edirik:
- Aktyor formada qalmaq üçün ya kamera qarşısında, ya səhnədə olmalıdır. Siz pandemiya dönəmini necə keçirdiniz? Misal üçün, türk aktyorları sosial şəbəkələrdə canlı yayımlar açırdı, tamaşalar göstərirdilər.
- Mənim televiziyada olan verilişim onsuz da gedirdi. Amma belə dostlar arasında hər gün axşam ofisə yığışıb him-cim oynayırdıq ki, başımız qarışsın, əlimiz qolumuz açılsın deyə. Başqa qeyri-adi nəsə etmirdik. Canlı yayımlara gəlincə, ümumiyyətlə, sosial aktiv adam deyiləm. Sosial hesablarım var, hərdən nəsə yazıram. Sosial medianın gündəm adamları olur, hər gün nəsə yazsınlar, hər şeydən danışsınlar, şəkil paylaşsınlar. Mən belə deyiləm.
- Bu, sizin üçün maraqlı deyil, ya diqqət mərkəzində olmağa ehtiyac hiss etmirsiniz?
- Mən ikinci planda olmağı sevirəm. Filmlərə fikir versəniz, orada da adətən ikinci planda oluram. İkinci plandan gəlib üstələməyi daha çox sevirəm, nəinki baş rol kimi təqdim edirlər və sən heç nə edə bilmirsən. O, bir az məni sıxan məsələdir. İstəyirəm elə təəssürat yaradım ki, baş rol deyildi, amma necə oynadı, yadda qaldı desinlər.
- İncəsənət Universitetini bitirmisiniz, Afaq Bəşirqızının tələbəsi olmusunuz. Peşəkar təhsil keçsəniz də, əsasən, kommersiya filmlərinə çəkilirsiniz. Dövlətin istehsal etdiyi filmlərə, müəllif filmlərinə dəvət alırsınız?
- Dövlət filmlərinə çəkilməmişəm və düşünürəm ki, onlar heç vaxt çəkməyəcəklər məni. Mən heç vaxt onlara inanmamışam. Birinci kursda oxuyanda kinostudiyadan gəlmişdilər ki, sizin şəkilləri çəkəcəklər, kastinq olacaq. Mən şəkil belə çəkdirmədim. İstəmədim. Dedim, siz adamı aldadırsınız, çəkməyəcəksiniz.
- Kommersiya film itehsalçıları bu fikirdədirlər ki, dövlətin maliyyə hesabına çəkən rejissorlar onlara ciddi yanaşmırlar.
- Bəlkə, bu da ola bilər. Kinostudiyada çəkilmiş bir film vardı, “Qafqaz”. Fərid Hümbətov çəkirdi. Bir epizodda oynamışam. Bu, mənim kinostudiya ilə ilk və son işim olub. Andrey Çernışovla kiçik səhnəmiz vardı. Xaçmaz bazarında alça satırdım. Onda tələbə idim. Kastinq üçün şəkil çəkməyə gələnlərdən birinin yadında qalmışdım. Gəldi ki, rusca bilirsən? Dedim, hə. “Burda çoxu rusca bilmir” dedi, mənə lazımdı uşaq rusca bilsin. Yaxşı da qonorar verdilər. Fikirləşdim ki, nə yaxşıdır kinostudiyada çəkilmək? Amma ondan sonra da iş olmadı. Başa düşürəm, kommersiya filmlərinə bir az qeyri-ciddi yanaşırlar. Çünki dövlət bizə qeyri-ciddi yanaşır. Yəni mənim bu sənətdə master-klass keçəcəyim adamlara əməkdar artist adı verirlər. Çünki kinostudiyada çəkilən 35 dəqiqəlik, yaxud bir saatlıq filmdə oynayıblar. Bizi isə bir az görməzdən gəlirlər. Əslində, onlar (nazirliyin kino şöbəsi nəzərdə tutulur - red.) bizlə əməkdaşlıq etməliydilər. Nə qədər olacaq dövlət havayı pul versin, rejissor film çəksin, nəticə olmasın. Sonda da deyin ki, kino inkişaf etmir, bizdə aktyor yoxdur, ssenarist yoxdur. Niyə yoxdur? Siz nə vaxt, nəyi dediniz, biz eləmədik? Kino sahəsində hamı balaca qruplara bölünüb. Yoxsa qapalı qurum kimi çəkilib oturublar ki, biz ancaq festivala gedən film çəkirik.
- Problem ondadır ki, bu filmlər festivalda da uğur qazanmır. Başqa ölkələrə satılmır da. Yadıma düşmüşkən, kinoteatrların açılmamasına qarşı etiraz aksiyanıza reaksiya gəldimi?
- Hə, gəldi. Dedilər, darıxma, yaxşı olacaq. Oktyabrda hər şey qaydasına düşəcək, biz o məsələlər üzərində işləyirik. Biz özümüz də istəyirik ki, açılsın. Düzdür, heç kim qoşulmadı, elə tək qaldım ortalıqda. Amma gözləyirəm. Aldatmazlar yəqin ki. Olmasa birini də yazacam.
- Müxtəlif telekanallarda işləmisiniz. Bir aktyor üçün televiziyada işləməyin itkiləri və qazancı nədir?
- Yadıma gəlir, “Space” kanalında işləyirdim. Universiteti artıq bitirmişdim. Afaq Bəşirqızı məni orda görəndə dedi, çıx get burdan, sən burda nə iş görürsən, nəyinə lazımdır bura? Gəl teatra, işlə. Dedim, Afaq xanım, burda pul qazanıram. Dedi, özünü burda bədbəxt edəcəksən, o istedadın yiyəsi deyilsən ki, televiziyada işləyəsən, burda batıb gedirsən. Çox düşündüm, amma qərar verdim ki, televiziyada qalım. İtirdiyimiz düşünürəm ki, bayaq danışdığımız dövlət filmlərinə çəkilməməyimiz, dövlət tədbirlərində iştirak etməməyimizdir. Müəyyən adlar olacaqdısa, onu itirmişik, diplomlar itirmişik. Bu diplom məsələsindən bezmişəm. Bir dəfə evimizdə pul yox idi, heç bir manat da. Harasa tədbirə getməliydim. Anam dedi, boş-boş bu tədbirlərə niyə gedirsən, yalandan diplomlar alıb gətirirsən, düzürsən evə. Mən də hirsləndim, bütün mükafatlarımı qırıb-tökdüm. Müsabiqələrdə qalib olmuşdum, laureat olmuşdum. Hamısını qırdım, kağızları da yandırdım ki, mənə diplom lazım deyil, pul qazanacam.
- Yəqin ona görə, reallıqla toqquşanda şərtlər dəyişir...
- Hə. Yəni mən fikirləşdim ki, durub harasa getmək üçün yolpulu axtarıram, anamdan istəyəndə deyir, yoxdur. Ona görə rədd olsun o diplomlar.
- “Space”də də maddi səbəblərə görə qaldınız?
- Ona görə. İşləyirdim, maaş alırdım, oradan toylara gedirdim.
- Kommersiya filmləri sifarişlidir, adətən prodüserin müdaxilələri olur. Bu, işinizin keyfiyyətinə təsir edir?
- Yox, təsir etmir. Əksinə, kommersiya filmlərində prodüser istəyir, daha çox satılsın filmi, ona görə, aktyorla da məsləhətləşir ki, bura nə əlavə edək, daha yaxşı baxılsın. Hər dəfə növbəti filmdən sitat gətirirlər ki, o film kimi istəyirəm, orada necə idisə burda da elə olsun. İndi hal-hazırda, iki yeni çəkildiyim film var, kinoteatrlar açılsa göstəriləcək. Fərqli filmlərdi. Axırıncı çəkildiyim film “Beşbətər”di. Rejissoru Vüsal Hacı Qədirdir.
- Dediniz ki, prodüserlər digər filmlərdəki kimi oynamanızı istəyirlər. Bu mənada qəlibləşmə hiss edirsinizmi? Ümumiyyətlə, obraza yanaşmanı necə tapırsınız?
- Biz indi bir veriliş üzərində işləyirik. Orada mənə dörd obraz lazımdır. 15 gündür demək olar ki, onların birini də tapmamışam. Hər gün düşünürəm, tapıram, məşq edirəm. “Bir kişi, bir qadın” serialına çəkilirəm. Bundan əvvəl “Ər və arvad” serialıydı. Onun rejissoru Aqil M.Quliyev idi. O, ər rolu üçün 15 adam sınaqdan keçirdi, hamısı tanınmış, efirdə olan həmkarlarımdır. Alınmadı. Mən gəlib oynadım. Onların istədiyi kimi. Dedilər, istədiyimiz budur. Amma içimdə bilirdim ki, bu, o deyil. Onları aldada bilərəm, özümü yox.
- Obrazlarınız üçün bazanı necə toplayırsınız?
- O aktyorlardanam ki, mənə uyğun olmayan yerlərdə məni görə bilərlər. Məqsədli şəkildə gedirəm. Uzun dönər növbələrində dayanıram, metronun qarşısında dayanıram. Maşını saxlayıb insanları müşahidə edirəm. Küçədə yatan adamlarla danışıram, maraqlı hekayələri olur. Bu yaxınlarda bir adamla tanış oldum, küçədə qalır. Qəribə tipi var, danışanda da adamın üzünə baxmır. Axır vaxtlar filmlərə baxmıram. Ümumiyyətlə, nə Hollivuda, nə Netfliksə... Mən fikirləşirəm ki, onlar sadəcə kasıb adamların pulunu və vaxtını alırlar.
- Necə düşünürsünüz, bizdə aktyor üçün hansı şərtlər ideala yaxın ola bilər?
- Əbülfəz Qarayev nazir olanda 17-18 səhifəlik təkliflər hazırlamışdım ki, filan şeylər olsa siz həm pul qazanarsınız, həm də sənət inkişaf edər, kimsə maaşdan şikayət etməz. Onlar mənə cavab verdilər ki, biz güc orqanı yox, xidmət orqanıyıq, çox şey edə bilmərik. Mədəniyyət futbol kimi bir şeydir. Beş-altı yaşından uşaq orada inkişaf etməlidir ki, peşəkarlaşsın. İndiki kimi tik-tok açıb 43 min izləyici yığmasın. Bu, kökdən, uşaqlıqdan gəlməlidir.
Biz məktəbdə “Hacı Qara” oynayırdıq. Uşaqları yetişdirmək üçün bölgələrdə mədəniyyət evləri inkişaf etməlidir. Bir müddət o sahədə işlədim. Yaradıcı gənclərlə iş üzrə mərkəzdə şöbə müdiri. Çox çalışdım ki, nəsə edim, alınmadı. Mədəniyyət evlərini müxtəlif dəxlisiz salonlara çevirdilər. Amma müxtəlif sənət kursları açmaq olardı, rəqs, rəsm, televiziya, prodüser kursları.
Məni İbrahim Əbilov adına xalq teatrına götürmüşdülər, məktəbdən seçmişdilər. Aylıq ovaxtkı pulla “şirvan yarım” idi. Getmədim ki, pul yoxdur. Ona görə aylığımı sildilər ki, mən gedim. Kurslarda uşaq universitetə qədər inkişaf edəcək, qabiliyyət imtahanına da hazırlıqlı olacaq.
- KVN yetirməsi aktyorlarla da tərəf-müqabil olursunuz. Peşəkarlıq baxımından axsayırlar?
- Axsayırlar. Amma xoşuma gəlir. Çünki sıxırıq arada.
- Tərəf-müqabilinizi təzyiqdə saxlayırsınız?
- Hərdən olur. Mən əslində tərəf-müqabili sevən adamam. Bu, komanda məsələsidir. Təkbaşına nəsə edə bilməzsən. Olar, amma nadir hallarda. KVN-dən gələnlərin içində bir az “mən olum” iddiası var. Yəni o qədər “razminka”ya çıxıblar ki, ondandır. Amma bura başqa meydandır. Bir az təhsil lazımdır.
Bir şey də var ki, bu gün televiziya işçilərinin arasında “KVN-çi”lər üstünlük təşkil edir. Bu, Mədəniyyət Nazirliyinin, incəsənət sahəsinin zəifliyidir ki, “KVN” onların yetirmələrini uddu. Çünki İncəsənət Universiteti həmişə “KVN” çempionatlarında uduzub.
- “Stand-up”larınız da vardı. Amma o qədər də uğurlu deyildi.
- Zarafat kimi yanaşmışam. Bir ara “stand-up” vermək istədim. Təvəkkül Mehrəliyev var, Koç Universitetində dekandır, ssenarini o işlədi. “Stand-up” çox səviyyəli, səliqəli iş tələb edir. Bir il ancaq bununla məşğul olmalıydım, sırf özümü buna həsr etməliydim. Adını “Gombul” qoymuşdum. Mopassanın hekayəsindən irəli gəlirdi. Sonra gördüm, ağırdır, çətindir. Bir az da çəkim imkan vermir “stand-up” etməyə.
- “Stand-up”ın özünəxas üslubu, manerası da tapılmalıdır.
- Mən dediyiniz “stand-up”ı prinsipcə etmişdim. Dedim, gülməli danışmırlar. Dedilər, bacarırsan, sən də elə. Bu şeyləri yazmadan danışaram. Məqsəd güldürməkdirsə, güldürərəm. Mərc gəldim ki, çıxıb ağzıma gələni danışaram, güldürərəm.
- Potensialınız ancaq komediyadırmı?
- Yox, elə deyil. Əslində, rejissorlar da bir az görmür.
- Hər şeydən yorulmuş kimi danışırsınız.
- İki-üç il də belə davam etsə, gedəcəyəm başqa işlə məşğul olmağa. Maddi səbəblərə görə yox. Ən çox qazanan aktyorlardanam. Yenilənmə yoxdur, zövq ala bilmirəm. İki il təhsillə bağlı Türkiyədə magistraturada oxumağı planlaşdırıram.
- Mütaliə edirsinizmi? Nə oxuyursunuz?
- Vüqar Biləcərlinin kitabını.
- Xoşunuza gəldi?
- Belə. Qəzəlləri-filan. Amma Aydın Xırdalanlı daha yaxşıdır.
- Çağdaş Azərbaycan ədəbiyyatından kimləri oxumusunuz?
- Hamısını. Elxan Elatlını.
- Seymur Baycanı tanıyırsız?
- Oxumamışam. Nə yazıb o? Doğrudan bilmirəm. Amma feysbukda deyəsən, kimsə haqqında nəsə yazmışdı.
Mənbə: Kulis.az
"Afaq Bəşirqızı" teqi üzrə xəbərlər
- Xalq artisti Afaq Bəşirqızının doğum günüdür
- Afaq Bəşirqızı: "Evləndiyimizin səhəri günü gəlib kişini apardılar" - MÜSAHİBƏ + FOTO/VİDEO
- Xalq artisti Afaq Bəşirqızı: “İndi ərinə vəfalı, təmiz qadınlar çox azdır”
- Afaq Bəşirqızının nəvələri - FOTO
- Səhnəmizin “Ovçu Pirim”i: “Aktyor avtobusda basabasda gedib, səhnədə “kral”ı oynaya bilməz” - MÜSAHİBƏ + FOTO
Rəylər