Azərbaycan “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı həbs edilən jurnalist Rauf Mirqədirovun işi ilə əlaqədar olaraq Baş Prokurorluqda dindirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Elçin Şıxlı özü ANS PRESS-ə məlumat verib.
O, dindirilməsinin səbəblərinin açıqlanmaması barəsində yazılı iltizam verdiyini də açıqlayıb:
“O məsələ ilə bağlı kim dindirilirsə danışmamaqla bağlı iltizam verir. Bu, istintaq sirridir və onu yaymaq olmaz. Əslində elə bir sirr yox idi. İmzaladığıma görə danışa bilmərəm”.
Elçin Şıxlı Rauf Mirqədirovun işi ilə bağlı hələlik heç nə gözləmədiyini də sözlərinə əlavə edib:
“Bu iş mənim üçün qeyri-müəyyəndir”.
Elçin Şıxlı MTN-də dindirilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə də münasibət bildirib. O, MTN-də dindirilmədiyini, yayılan xəbərlərin yalan olduğunu söyləyib:
“İstintaqı Baş Prokurorluq aparır, MTN-lə heç bir əlaqəsi yoxdur”.