Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri olan sənətkar Eldar Bəhram oğlu Mansurov 1952-ci il fevralın 28-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olub.
1968-72-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974-79-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb.
(Eldar Mansurov, 1982-ci il)
“Yeddi gözəl” rok-operası, “Kleopatra” və “Olimp” rok-baletləri, beş simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3 000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir.
1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib.
1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə “Əməkdar incəsənət xadimi”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2007-12-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib.
Ailəlidir, iki oğlu var.

Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Eldar Bəhram oğlu Mansurov “Şöhrət” ordeni ilə təltif edilib.