Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Elektron resept vətəndaşların tibbi məlumatlarına əlçatanlığını təmin edəcək” - YENİLƏNİB + VİDEO
“Rəqəmsal resept ( Elektron resept) sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır”.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Elektron səhiyyə standartlarının və təsnifatlarının nəşriyyatı şöbəsinin müdiri Kəbutər Mövsümlü açıqlayıb.
Onun sözlərinə görə, eyni zamanda E-resept vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini təmin edir:
“Elektron resept sistemi həkim, pasiyent və əczaçılar üçün vahid bir platforma üzərindən reseptlərin idarə olunması təmin edəcək. Belə ki, elektron resept kağız dövriyyəsini aradan qaldıracaq, həkimlər vətəndaşlara onlayn və sürətli şəkildə xidmət göstərəcək. Eyni zamanda elektron resept əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək”.
Kəbutər Mövsümlü bildirib ki, Elektron Resept sisteminin tətbiqi yuxarıda qeyd olunan üstünlüklərlə yanaşı, bütün sektorun şəffaflığının artırılması nəticəsində əlavə iqtisadi effekt yaradacaq:
“Bu sistemin tətbiqi ilə dərman satışı sahəsində tranzaksiyalara nəzarətin real mexanizmi yaranacaq”.
13:58
Azərbaycanda ilk dəfə elektron resept təqdim olunub.
Oxu.Az-ın məlumatına görə, yeni sistem, kağız dövriyyəsini azaltmaqla yanaşı, həkimlərin xəstələrə daha sürətli xidmət göstərməsinə şərait yaradacaq. Bununla da xəstə həkimin yazdığından əlavə preparat qəbul etməyəcək.
Elektron resept nədir?
Elektron resept tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur.
Elektron resept sistemi vətəndaşlara dərman vasitələrinin yazılması və əldə olunması prosesində tam şəffaflığı və əlçatanlığı təmin edir. Pasiyent müayinə olunduqdan sonra ona yazılacaq hər bir dərman preparatı, elektron sistemdə vahid olaraq yerləşdirildikdə, ümumi sistemdən görünəcək.
Elektron reseptdən istifadə üçün ”Reseptim” tətbiqini yükləmək lazımdır. Vətəndaşlar FİN-ə (fərdi identifikasiya nömrəsi) uyğun olaraq elektron resepti əldə edə biləcəklər. Elektron resept tətbiq edildikdən sonra bütün əczaçılıq və tibb müəssisələrinin inteqrasiyası da təmin ediləcək.
Qeyd edək ki, Rəqəmsal Səhiyyə ekosisteminin başlıca məqsədi, vətəndaşların keyfiyyətli, təhlükəsiz və etibarlı səhiyyə xidmətlərinə əlçatanlığını təmin etməkdir.
Rəqəmsal Səhiyyənin inkişafı vətəndaşın sağlamlıq tarixçəsi ilə bağlı müfəssəl məlumatları, o cümlədən xəstəliklər və müasir müalicə üsullarını vahid rəqəmsal platforma üzərində birləşdirərək bütün tibb müəssisələri üçün onlayn formatda əlçatanlığı təmin edəcək.
Əzizə İsmayılova
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Sağlamlıq turizminin inkişafı məqsədilə xüsusi işçi qrup yaradılıb
- Artan körpə ölümləri: Son 25 ilin ən yüksək göstəricisi - Səbəblər nədir və nə etməliyik?
- Səhiyyə Nazirliyi Füzuli şəhərində səyyar tibbi müayinələr təşkil edib
- Dövlət və hökumət rəsmiləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad edirlər
- Teymur Musayev: "Saxta diplomlarla bağlı Baş Prokurorluğa müraciət etmişik"
Rəylər