Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "QAZel" markalı yük avtomobilin yolun kənarında dayanmış "Atego" markalı yük avtomobili ilə toqquşması nəticəsində avtoqəza hadisəsi baş verib və "QAZel"in sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan Sənan Ağayevi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.