Noyabrın 2-də Milli Məclisin (MM) növbəti plenar iclası başlayıb.
Oxu.Az-ın xəbərinə görə, iclasın gündəliyinə 15 məsələ daxil edilib.
Məsələlərdən yeddisi hakimlərin təyinatı (təsdiqi) ilə bağlıdır.
MM-in Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 7 məsələ barədə məlumat verərək bildirib ki, son 11 il ərzində, yəni, 2007-ci ildən bu yana ölkədə hakimlərin sayı iki dəfə artıb.
Onun sözlərinə görə, ötən illərdə fəaliyyəti dövründə neqativ hərəkətlərə yol vermiş 230 hakim barədə inzibati icraat işinə başlanılıb, 100-dən çox hakim isə məhkəmə sistemindən uzaqlaşdırılıb.
Komitə sədri deyib ki, ümumiyyətlə, ölkədə aparılan islahatlar nəticəsində məhkəmə-hüquq sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri artırılıb.
Sonra komitə sədri vakant yerlərə yeni hakimlərin namizdəliklərinin irəli sürüldüyünü bildirib və qeyd edib ki, onlar fəaliyyətləri dövründə səhvlərə yol verməyiblər.
Ə. Hüseynli həmçinin bildirib ki, onların namizədlikləri təsdiqlənərsə, bu, ölkədə hakimlərin yükünün azalmasına da səbəb olacaq.
Kamil HƏMZƏOĞLU
www.oxu.az