"Son otuz ildə 71 əfv fərmanı ilə 10 mindən artıq məhkum azadlığa buraxılıb".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Konstitusiya və Suverenlik İli" münasibətilə Amnistiya Aktının elan edilməsi haqqında qərar layihəsinin müzakirəsi zamanı deyib.

O diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi bu humanist hüquq siyasəti sonrakı dövrlərdə Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilib:
"Heydər Əliyev Fondu və onun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva da deputatlıq fəaliyyəti dövründə bu irsə sadiq qalaraq bir sıra amnistiya təşəbbüsləri ilə çıxış edib. Son 30 il ərzində imzalanmış 71 əfv fərmanı ilə 10 mindən artıq məhkum azadlığa buraxılıb, qəbul edilmiş 12 amnistiya qərarı isə 130 mindən çox şəxsə şamil olunub. Prezident İlham Əliyevin "Konstitusiya və Suverenlik İli" münasibətilə Milli Məclisə təqdim etdiyi Amnistiya Qərarının layihəsi əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövründə ən genişmiqyaslı amnistiya sənədi kimi qiymətləndirilir. Qərarın ümumilikdə 20 minə yaxın şəxsə şamil ediləcəyi gözlənilir ki, onlardan 5 mindən çoxunun azadlıqdan məhrumetmə cəzasından azad olunacağı bildirilir".
Məlik Məlikov