İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə cərimə tətbiq olunacaq.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənədə əsasən, internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə 500 manat məbləğində cərimə tətbiq ediləcək.
Həmçinin cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər xırda xuliqanlıq hesab olunacaq.
Layihəyə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə 50 manatdan 100 manatadək məbləğdə cərimə tətbiq olunacaq.
İşin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.
İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə 500 manatdan 1 000 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 30 günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq ediləcək.
Yuxarıdakı üç abzasda göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Sonda layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Məlik Məlikov