Bir qrup əlil üçün ildə bir dəfə komissiyadan keçmək şərti ləğv edilə bilər.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov məlumat verib.
“Bu gün qarşımızda duran əsas məsələ məhz müavinətlərin artırılmasıdır”, - deyib V.Həsənov.
Onun sözlərinə görə, əlilliyin müəyyən olunması qaydalarına da dəyişikliklər ediləcək:
“Əlilliyin müəyyən olunması Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən olunur. Artıq bu sahədə dəyişikliklər olacaq. Təkliflərimizi irəli sürmüşük. Cənab nazir də dəfələrlə deyib ki, ciddi dəyişikliyə ehtiyac var. Bu dəyişiklik ola bilər ki, hamıya şamil edilməsin. Amma bir qrup əlil üçün ildə bir dəfə komissiyadan keçmək şərti ləğv edilə bilər”.
Azərbaycana daha keyfiyyətli əlil arabalarının gətiriləcəyini də deyən nazirlik rəsmisi bildirib ki, bu istiqamətdə konkret işlərə başlanılıb. Bu yaxınlarda daha yeni və keyfiyyətli əlil arabalarının ölkəyə gətirilməsi gözlənilir.