Azərbaycanda zibillikdən yeni doğulmuş uşaq meyiti tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsindən verilən məlumata görə, ötən gün Horadiz Şəhər Xəstəxanasının yaxınlığında məişət tullantılarının yerləşdiyi ərazidə yeni doğulan uşaq meyiti aşkarlanıb. Hadisə yerində polis və prokurorluq orqanlarının işçiləri araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, uşaq ötən gün Horadiz Şəhər Xəstəxanasında ölü olaraq dünyaya gəlib.
Polisdən bildirilib ki, uşağın meyitinin zibilliyə valideynləri tərəfindən atıldığı ehtimal edilir.
Horadiz Şəhər Xəstəxanasından APA-ya verilən məlumata görə, ötən gün 1987-ci il təvəllüdlü Gülnaz Bəylər qızı Azayeva xəstəxanaya bətnində ki, 8 aylıq uşağın ölü olması ilə bağlı müraciət edib:
“Gülnaz Azayeva bətnindəki uşağın ölü olması ilə bağlı USM nəticələrini xəstəxanaya təqdim edib. 8 aylıq ölü döl süni doğuş vasitəsilə ana bətnindən çıxarılıb və cəsəd valideynlərinə verilib. Uşağın valideynləri cəsədi xəstəxananın yaxınlığında olan zibilliyə atıblar”.
Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.
15:40
Azərbaycanın Füzuli rayonunun Horadiz şəhər xəstəxanasında bəlkə də bütün ölkəni şoka salacaq hadisə baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, hәkimlәr bu gün Füzuli rayon Horadiz xәstәxanasında ölü doğulan uşağı yaxınlıqdakı zibil qutusuna atıblar.
Hadisə ilə bağlı polislərə müraciət olunub, hüquq-mühafizə orqanlarının əməkdaşları isə həmin uşağın atası ilə əlaqə saxlayıblar.
Zibil qutusuna atılan körpənin atası isə polisləri şok vəziyyətinə gətirən bu sözləri deyib:
“Gedin özünüz onu basdırın, mənim başqa işlərim var”.
Qeyd edək ki, rayon prokurorluğunun əməkdaşı Teymur Teymurov faktı Oxu.Az-a təsdiqləyərək, hazırda araşdırma aparıldığını bildirdi.

Elvin Əhmədov
www.oxu.az