Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlillərin rahatlığını nəzərə almayan sahibkarların cərimələnməsini təklif edir.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə nazir jurnalistlərə açıqlamasında bildirib.
“Hamı üçün hüquqlar bərabər müəyyənləşib. Əlillərə hüquqlarını reallaşdırmaq üçün imkanlar yaratmaq lazımdır. Bu imkanların müəyyən bir qismi də infrastruktur layihələrində olmalıdır. Evlərdə, vağzallarda, yollarda, keçidlərdə müvafiq şərait yaradılmalıdır. Bunun üçün də təbii ki, qanunvericilikdə cərimə sistemi olmalıdır”, - nazir deyib.
Səlim Müslümovun sözlərinə görə, heç kəs sağlamlığına görə kənarda qalmamalıdır.
“Biz qanunvericilik bazamızda da bunu nəzərə almalıyıq. İnsanın sağlamlığının hansı formada olması heç də onun hüquqlarını azaltmır”- deyə nazir bildirib.