Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov əlillik təyinatlarının kəsilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Oxu.Az-ın məlumatına görə, o bildirib ki, əlillik təyinatlarının kəsilməsi ilə bağlı edilən müraciətlərin əksəriyyəti əsassızdır:
“Araşdırma zamanı məlum olur ki, əlilliyin təyin olunan müddəti başa çatıb. Həmin şəxslər yenidən müraciət etməlidir”.
O qeyd edib ki, 2020-ci ildə əlillik təyinatı ilə bağlı qiymətləndirməyə 80 mindən artıq müraciət daxil olub, cəmi 31 faizinə müsbət cavab verilib.
“Bir çox hallarda vətəndaşlar əlillik müddətinə dair öz məlumatlarına nəzər yetirmir və sosial ödənişləri dayandığı təqdirdə əlilliyin ləğv edildiyini düşünür, müxtəlif sosial şəbəkələrdə və ya rəsmi müraciətlərində narazılıqlarını bildirirlər. Halbuki onların əlilliyi ləğv edilməmişdir və qanunvericiliyin tələblərinə müvafiq olaraq müddəti bitmiş əlilliyin uzadılmasına dair rəsmi qaydada səhiyyə müəssisələrinə müraciət edilməlidir”, - deyə agentlik sədri əlavə edib.
İlhamə Əbülfət