Ana və uşaq sağlamlığı dövlət tərəfindən hər zaman nəzarətdə saxlanılır. Səhiyyə Nazirliyi bu sahədə çox sayda əmr və sərəncamlar həyata keçirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva bu gün Səhiyyə Nazirliyində (SN) keçirilən mətbuat konfransında deyib.
E.Əliyeva bildirib ki, xidmət səviyyəsinə görə, ən yüksək perinatal səviyyədir:
“Bu səviyyədə xidmət göstərilməsi üçün hər bir tibb işçisi öz üzərində işləyir, müəyyən treninqlərdə iştirak edir, onlara sertifikatlar təqdim edilir. Artıq 6 regionda perinatal xidmət yaradılıb”.
E.Əliyevanın sözlərinə görə, tədbirlər nəticəsində ana və uşaq ölümləri azalıb, hamilə qadınların həkimlərə müraciətinin sayı artıb:
“Ötən il ölkədə diri doğulanların sayı 173 547 idisə bu il bu say 175 000-ə yaxın olub. Ana ölümü isə ötən il 26 idisə, bu il 24 olub”.
İdarə rəisi bildirib ki, bütün dünyada doğuşun idarə olunmasında təbii doğuşa üstünlük verilir:
“Qeysəriyyə kəsiyi ilə doğuşda uşağın və ananın adaptasiyası bir az zəif olur. Yəni, bu, həm anada həm də uşaqda fəsadlar yaradır. Ehtiyac yoxdursa, təbii doğuşa üstünlük verilməlidir”.