Gələn həftədən “Elmlər Akademiyası” metrostansiyasındakı eskalatorlardan biri dayanacaq.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Bakı Metropolitenindən verilən məlumata görə, Tağı Əhmədovun əmrinə əsasən, iyul ayının 8-də “Elmlər Akademiyası” stansiyasının eskalatorlarında biri təmirə dayandırılacaq.
Elektromexanika xidmətinin eskalator distansiyasının rəisi Elçin İsmayılov qeyd edib ki, stansiya, demək olar, daim gərgin iş rejimində çalışsa da, bu addım qaçılmazdır.
“Təbii ki, sərnişinlərin marağı nəzərə alınaraq, təmir stansiya yükünün qismən azaldığı dövrə – iyul-avqust aylarına salınıb. Təmir 3 aya qədər davam edir. Lakin birləşmiş emalatxanalar xüsusi rejimdə çalışmaqla işləri vaxtından əvvəl qurtarmağa çalışacaqlar”.
Qeyd edək ki, stansiyanın girişli-çıxışlı olduğunu və daim gərgin rejimdə çalışdığını nəzərə alaraq, birləşmiş emalatxanalar təmirə başlamazdan əvvəl xüsusi hazırlıq tədbirləri görüb. Hazırlıqlar artıq başa çatmaq üzrədir.
Qeyd edək ki, idarə rəisinin əmrinə əsasən, eskalatorun əsaslı təmiri sentyabrın 25-dək başa çatdırılmalıdır.