Dövlət Əmək Müfəttişliyi Xidməti cari ilin birinci rübü ərzində 3300-dən çox halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edib.
Oxu.Az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına istinadla xəbər verir ki, cari ilin yanvar-mart aylarında nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ayrı-ayrı müəssisələrdə 3327 hüquq pozuntusunu aşkar edib.
Təhlillər nəticəsində əmək qanunvericiliyinin pozulması hallarının əsasən özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında baş verdiyi müəyyən edilib. Onların böyük əksəriyyətinin işəgötürənlər tərəfindən aradan qaldırılması təmin olunub, habelə ayrı-ayrı pozuntuların aradan qaldırılması müəyyən vaxt tələb etdiyi üçün onların ləğvi ilə bağlı işəgötürənlərə icrası qanunla məcburi olan göstərişlər verilib.
Qeyd olunan dövrdə aşkar olunmuş hüquq pozuntuları ilə əlaqədar aidiyyatı işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən tətbiq olunmuş cərimələrin 50,07 faizi (414697 manat) dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37901 manat və ya 10,05 faiz çoxdur.