Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əməkdar müəllim: "İndiki qızlar ana olmaqdan qorxurlar"
"O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, proqramda Əməkdar müəllim Ofelya Babayeva analıq hissindən, gəlin-qayınana münasibətlərindən bəhs edib.
İndi qızların ana olmaqdan qorxduqlarını söyləyən O.Babayeva qeyd edib ki, bu hiss dünyanın ən böyük səadətidir:
"Mən bütün xanımlara ana olmağı arzulayıram. Bu, böyük məsuliyyət, sonrakı dövrdə yaşamaqdır. Sən həyatda olmasan da, yetişdirdiyin övlad, nəvə və nəticələr tərəfindən xatırlanacaqsan. İndi qızlarımız ana olmaqdan qorxurlar. Amma onlara məsləhət görürəm ki, bundan çəkinməsinlər. Dünyanın ən böyük səadəti ana olmaq, nəvələrini bağrına basmaqdır".
Əməkdar müəllim "Qadın nə istəyir" sualını cavablandırarkən bildirib ki, o, sevgi, rahatlıq, hüzurlu və yaxşı həyat arzulayır.
"Amma qadın da kişiyə arxa-dayaq olmalıdır. Gənclik elə bir dövrdür ki, ancaq sevilmək istəyirsən. Sonra cütlüklər ayrı dünyaların insanları olduqlarını hiss edəndə bir-birlərini birlikdə yaşamaq üçün məcbur etməməlidirlər. Ailə hər iki tərəfin eyni istiqamətə baxmasıdır", - o söyləyib.
O.Babayeva, həmçinin gəlin-qayınana münasibətlərindən bəhs edib.
"Nənəm həmişə qayınanasından çox böyük hörmətlə danışardı. Öz qayınanam da son dərəcə gözəl insan idi. Mənə qarşı münasibəti həmişə yaxşı olub. Hətta ailəmizdə söz-söhbət olanda belə o, oğlunu danlayardı, nəinki məni. Düşünürəm ki, heç bir qayınana heç vaxt normal bir gəlini təhqir etməz", - Əməkdar müəllim əlavə edib.
Ətraflı videomaterialda:
Rəylər