Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ən çox qohum evliliyi olan rayonlar hansılardır?
Son zamanlar Azərbaycanda qohum evliliyinin qadağan edilməsi istiqamətində müzakirələr gedir. Vətəndaşlar, ictimaiyyət nümayəndələri bu məsələyə mövqelərini bildirirlər. Bəziləri hesab edirlər ki, qohum evliliyinin qadağan olunması vacibdir, çünki bu evliliklərdən doğulan uşaqlar müxtəlif xəstəliklərin daşıyıcıları olurlar. Bu da genefondu zədələyir. Bir qismin fikrincə, qohum evliliyi Azərbaycanın adət-ənənəsidir, onun qadağan edilməsi mümkün deyil.
Maraqlıdır, Azərbaycanda nə qədər qohum evliliyi qeydə alınıb? Hansı bölgələr qohum evliliyinə daha çox meyillidirlər?
Dövlət Statistika Komitəsindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, qohumlar arasında bağlanmış nikahların sayına dair məlumatlar illik dövriliklə işlənir:
"2023-cü ildə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən qeydə alınmış qohumlar arasında nikaha daxilolma hallarının sayı 1935 olub. Sözügedən göstərici Cəlilabad, Sabirabad, İmişli, Biləsuvar, Şamaxı, Yardımlı, Masallı, Ağdam və Salyan rayonlarında ölkənin digər inzibati ərazi vahidlərinə nisbətən yüksək olub".
Qurumdan o da qeyd olunub ki, hazırda qohumlar arasında nikaha daxilolma hallarının qohumluq münasibətlərinə görə bölgüsü ilə bağlı məlumatların əldə olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir:
"Növbəti ildən başlayaraq həmin məlumatların istifadəçilər arasında yayımlanması nəzərdə tutulub".