Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Enactus Regionlarda” layihəsi çərçivəsində ilk səfər Gəncə şəhərinə edilib - FOTO
Azərbaycan Respublikasının Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı ilə 17-18 iyunda “Enactus Regionlarda” layihəsinin ilk təlimlər sessiyası uğurla başa çatıb.
Dövlət başçısının sərəncamı ilə “Nizami ili” elan olunub, 2021-ci ildə baş tutan ilk səfər dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin diyarı Gəncə şəhərinə olub.
Öncə tədbir iştirakçıları tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub, dövlətimizin suverenliyi uğrunda canlarından keçmiş vətən övladlarının unudulmaz xatirəsi hörmət və ehtiramla anılıb, ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib və önünə gül dəstəsi qoyulub.
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən təlimlərin açılış mərasimində universitetin elmi işlər üzrə prorektoru Ramin Məmmədov, “Enactus Azərbaycan”ın ölkə üzrə proqram direktoru Orduxan Qəhrəmanzadə və KOBİA-nın Gəncə-Qazax regionu üzrə koordinatoru Anar Əliyev tələbələr və ümumilikdə gənclərdə sahibkarlıq vərdişlərinin inkişafının əhəmiyyətindən və bu yöndə dövlət tərəfindən görülən işlərin faydasından danışıb.
Açılış mərasimindən sonra layihənin koordinatoru Rəşad Zeynalov “Sahibkarlığın əsasları və Enactus” barədə danışıb, daha sonra ADAU-nun İnnovasiyalar Mərkəzinin koordinatoru Elvin Ağayevin moderatorluğu ilə “Canvas biznes modeli” mövzusunda təlim keçirilib.
Tədbirin ikinci günü mütəxəssislərin təqdimatları ilə davam edən, Gəncə KOB İnkişaf Mərkəzinin direktoru Rəvan Cəfərlinin “Biznesin vergi və hüquqi aspektləri”, biotexnologiyalar üzrə mütəxəssis Elgün Mahmudovun “Təqdimat və nitq mədəniyyəti”, ADAU-nun mühasibat uçotu və audit üzrə baş müəllimi İsa Şəfiyevin “Karyera və şəxsi inkişaf” mövzularında təlimlər sessiyası iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Təlimlərdə aktiv iştirak edən ADAU-nun tələbəsi Nərmin Babayeva:
“Təlimlər şəxsi inkişafım üçün çox faydalı oldu. Ümid edirəm ki, gələcək sahibkarlıq fəaliyyətimdə bu məlumatlar çox faydalı olacaq. Bu cür təlimlərin daha geniş auditoriyalar qarşısında davamlı olmasımı istərdim. Təşkil edilən bu cür təlimlər sayəsində bəlkə də yüzlərlə gənc ideyalarını təkmilləşdirərək əsaslı bir biznesə çevirə bilər. Bu fürsəti gənclərə yaratdığı üçün təşkilatçılara dərin minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, “Enactus Regionlarda” layihəsi çərçivəsində Azərbaycanın fərqli bölgələrinə səfərlər edilərək, regionlarda yaşayan gənclərə sahibkarlıq bilik və bacarıqları aşılanacaq, onların regionların inkişafına töhfə verməsinə zəmin yaratmağa çalışılacaqdır.
"ADAU" teqi üzrə xəbərlər
- Odun tədarükünün meşəyə xeyri, “əcnəbi” ağaclar, yanğınlar və qiymətlər - MÜSAHİBƏ + FOTO
- Keçmiş rektorun qardaşına vəzifə verildi
- Yataqxanadakı yanğının səbəbi bilindi: Tələbələr dəhlizdə siqaret çəkiblərmiş - YENİLƏNİB
- Azərbaycanda tələbə əməliyyatdan üç gün sonra vəfat edib - FOTO
- Azərbaycan Universitetləri dünya reytinqində - SİYAHI