Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Endokrinoloq: "Uşaqların bəzi yeməklərə qarşı istəksizliyi inkişafın təbii mərhələsi ola bilər"
"Uşaqların müəyyən yeməklərə qarşı istəksizliyi çox zaman valideynlər üçün narahatedici olsa da, bu, əslində, inkişafın təbii bir mərhələsi ola bilər".
Oxu.Az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan "Sağlam radio"da Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə açıqlayıb.
Onun sözlərinə görə, uşaqlar xüsusilə 2-6 yaş arasında "seçici yemək dövrü"nə girə bilərlər. Bu dövrdə onlar əvvəllər yedikləri yeməkləri birdən-birə rədd edə bilərlər:
"Uşaqların yeməyi rədd etməsi onların öz nəzarət və müstəqillik hissini sınadığı bir dövr ola bilər. Uşaq nəzarətin onda olduğunu hiss etdikdə süfrə ətrafındakı gərginlik azalır və daha rahat yemək davranışı formalaşa bilər. Uşaqların yeməyi rədd etməsinin səbəbləri yalnız fiziki deyil, emosional və psixoloji amillərlə də sıx bağlıdır. Yemək uşaqlar üçün sadəcə, bir qida ehtiyacını qarşılamaq deyil, bəzən diqqət çəkmək, duyğularını ifadə etmək və ya nəyəsə etiraz bildirmək vasitəsi ola bilər. Uşaqların yeməyə münasibəti ailədəki yemək vərdişlərindən və süfrə atmosferindən çox güclü şəkildə təsirlənir. Bundan başqa, uşaq valideynlərin davranışını modelləşdirir. Əgər ana və ata sağlam qidalar yeyirlərsə, müxtəlif qidaları dadmaqdan çəkinmirlərsə, uşaq da bu davranışı təqlid edir. Amma əksinə, valideyn özü seçici davranırsa və ya yemək zamanı mobil telefondan istifadə edirsə, uşaq da yeməyə diqqətini yönəldə bilmir".
A.Əkbərzadə bildirib ki, uşaqların bəzi qidalara qarşı həssas davranışının kökündə onların bioloji və hiss orqanlarının inkişaf səviyyəsi dayanır:
"Bəzən yeməyi rədd etmə, sadəcə, "şıltaqlıq, ərköyünlük" deyil, uşağın bədəninin hələ hazır olmaması ilə bağlı ola bilər. Uşaqlarda dad duyğusu böyüklərlə müqayisədə daha güclüdür. Xüsusilə acı, turş və acılı dadlara qarşı çox həssas olurlar. Yeməyin qoxusu da uşaqlar üçün çox önəmlidir. İştahanın olmaması və ya itməsində qoxu duyğusu mühüm rol oynayır. Eyni zamanda, uşaqların həzm sistemi də böyüklərə nisbətən daha həssas və zəifdir. Piyli, çox duzlu, ədviyyatlı və ya ağır yeməklər uşaqda narahatlıq yarada bilər".
Endokrinoloq sonda vurğulayıb ki, bu səbəblər göstərir ki, uşağın bəzi qidaları sevməməsi bəzən, sadəcə, "istəksizlik" deyil, onun bədəninin və duyğu orqanlarının təbiəti və inkişaf səviyyəsindən asılı olur:
"Uşağın bu fərqliliyini anlamaq və səbirlə yanaşmaq, qida münasibətinin müsbət yöndə dəyişməsinə kömək edə bilər".
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Eyni tərkibli dərmanlar fərqli adla satılırsa, keyfiyyəti dəyişə bilərmi?
- Türk ölkələrinin ürək-damar cərrahları Bakıda toplandılar
- Çimərliklərdə monitorinqlərə BAŞLANILDI
- Bakının mərkəzində yerləşən 2 məşhur gecə klubu barədə Baş Polis İdarəsinə müraciət göndərildi
- Teymur Musayev: "Tibb sahəsində 70 yaşı olan insanlar da çalışırlar"