Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Erkən doğuş riskinə qarşı anaya vurulan iynə körpədə autizm yaradır?
Son zamanlar "İnternational Medical Center 1" klinikasından eyni məzmunlu şikayətlər sosial mediada müzakirə mövzusuna çevrilib.
Oxu.Az-xəbər verir ki, edilən şikayətlərin əksəriyyətində bir səbəb göstərilir – əvvəlcə uşağın sağlam doğulduğu, sonradan isə ağciyərində problem olması ilə bağlı valideynə xəbərdarlıq. Müxtəlif vaxtlarda müxtəlif pasiyentlər övladlarının normal doğulduğunu, lakin sonradan həkimin uşağın ağciyərinin açılmadığını bildirərək əlavə pul tələb edildiyini bildirib. Eyni zamanda iddia olunur ki, ağciyərlərinin açılmaması səbəbindən körpəyə vurulan iynə sonradan autizm yaradır.
Bu iddiaları aydınlaşdırmaq üçün mütəxəssislərə sual ünvanladıq.
Həkim-ginekoloq Rəşad Sultan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, erkən doğum riski olan hamilələrə ağciyər iynəsi vurulur:
"Bu iynənin vurulma səbəbi odur ki, o, dölə keçib dölün ağciyərlərində surfaktan adlı maddənin sintezini sürətləndirir. Bu maddə insanın ağciyərlərinin bir sabun köpüyü kimi qabarıq qalıb, yaprıxmasının qarşısını alır və tənəffüsü təmin edir. Bu iynənin heç bir əlavə təsiri olmasa da, hər bir dərman kimi göstərişlə, yəni doğrudan da erkən doğuş üçün risk faktoru varsa, vurulmalıdır. Anaya vurulan iynə "Betametazon"dur. O isə uşaqda autizmə səbəb olmur. Ümumiyyətlə autizmin səbəbi bilinmir.
Uşaq erkən doğulduğu və ağciyəri açılmadığı təqdirdə ona "Surfaktan" verilir. Məhz onun qiyməti bahadır, 400-500 manat arasında dəyişir. Anaya vurduğumuz "Betametazon" isə ucuzdur".
"Uşağın normal doğulduğu deyilirsə, sonradan "ağciyəri açılmır" demək olarmı?" - sualına cavabında isə R. Sultan bildirib ki, belə bir hal ola bilər:
"Uşaq doğulan anda yaxşı olur, çünki həmin ana kimi oksigeni anadan alıb. Saatlar keçdikcə isə ağciyər tam açıla bilmədiyi üçün oksigen azlığı özünü göstərməyə başlaya bilər. Ağlamaq ağciyər tənəffüsünün bir göstəricisi olsa da, bu tənəffüsün 100% olacağının qarantı deyil.
Təngnəfəslik əlamətləri görəndə saturasiyası (qanın oksigenlə doyma dərəcəsi) ölçülür, saturasiya aşağıdırsa, küvəzə qoyulub oksigen verilir. Rentgen çəkilir, ağciyərin açılma dərəcəsi təyin edilir. Ehtiyac varsa, "Surfaktan" verilir".
Autizmin yaranma səbəbləri ilə bağlı Psixi Sağlamlıq Mərkəzinə sorğu ünvanladıq.
Mərkəzdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, autizm sonradan yaranan xəstəlikdir:
"Autizmin simptomları bəzən erkən yaşlarda müşahidə olunur (8 aylığında), amma əksər hallarda bir yaş yarımdan - iki yaş yarım arasında aşkar edilir. Autizmin əsas simptomları sosial qarşılıqlı əlaqələrin pozuntuları, təkrarlanan hərəkətlər, məhdud maraq, ünsiyyətin olmamasıdır. Autizmin yaranma səbəbləri müəyyən edilməyib. Autizmin uzunprosesli müalicəsində əsas istiqamətlər sosial uyğunlaşma və psixoloji müdaxilələrdir".
Əzizə İsmayılova