İllərdir evi ola-ola kirayələrdə qalmalı olan Səftərovlar ailəsi çətinliklərlə üz-üzədir.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, bu ailə vaxtilə mənzilinin zəbt olunmasını görüb məcburi köçkünlərə güzəştə gedib.
Amma sonradan kirayələrdə yaşaya bilmədiklərini görən Səftərovlar haqqını məhkəmələrdə axtarıb və tapıb. Hazırda Səftərovlar ailəsi mənzillərinə köçəcəkləri günü səbirsizliklə gözləyirlər.
Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, bina 21 b-dəki mənzil sənədlərə əsasən Saray Səftərovaya məxsusdur. Səftərovlar ailəsi deyir ki, onlar mənzili 1994-cü ildə alıb. Mənzili müvəqqəti yaşayış üçün məcburi köçkünlərə verməli olublar. Bu, müvəqqəti vaxt da, nə yazıq ki, uzun müddət çəkib.
Bu illər ərzində Səftərovlar ailəsi də kirayədə yaşamağa məcbur olub. Bununla bağlı dəfələrlə məhkəməyə də müraciət edilib. Ali Məhkəmənin 2010-cu il martın 3-də keçirilən iclasında alınan qərara əsasən məcburi köçkünlər evi birdəfəlik tərk etməlidir. Lakin qərar indiyədək icra olunmur ki, olunmur. Bunu da Saray Səftərov deyir.
Məcburi köçkün ailəsinin başçısı Əlövsət İbrahimov bildirdi ki, ev saxta alqı-satqı yolu ilə Saray Səftərova tərəfindən alınıb. Məhkəmənin qərarına gəlincə, adıçəkilən ailənin böyük oğlu məhkəmə qərarının da saxta olduğunu dedi.
Problemlə bağlı Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, qərarın icra olunmaması səbəbi araşdırılacaq. İndi Səftərovlar ailəsinin tək ümidi məhkəmə qərarının icrasınadır.