Ötən sutka ərzində 45 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və bir yol-nəqliyyat hadisəsi faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər, o cümlədən Biləsuvar rayonunda “Toyota” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış bir nəfər xilas edilib. Həmçinin Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində batmış Məhəmməd Pirsaatovun cəsədi gecə saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.