Fövqəladə Hallar Nazirliyi (FHN) Mingəçevirdəki “Azərbaycan” İES-dəki qəza ilə bağlı məlumat yayıb.
Oxu.Az FHN-nin saytına istinadən xəbərinə görə, məlumatda bildirilir:
“3 iyulda saat 00:20-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Yanğın hadisəsi baş verəndən 4 dəqiqə sonra Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri yanğının söndürülməsi işlərinə başlayıb. Yanğının söndürülməsi üçün 11 yanğınsöndürmə texnikası və 50 nəfərdən çox şəxsi heyət cəlb edilib” .
Məlumatda qeyd edilir ki, açıq paylayıcı qurğular stansiyasında transformatorda baş verən yanğın saat 00:52-də, 6-cı enerji blokunun qazanxana qurğusundakı yanğın isə saat 01:10-da yanğın bölmələri tərəfindən söndürülüb:
“Stansiyanın turbinləri və digər qurğular yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb”.