Xırdalanda partlayış baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov bildirib.
“Fövqəladə Hallar Nazirliyinin 112 saylı qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub. Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilib. Binanın sakinləri təhlükəsiz əraziyə təxliyə olunublar. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir”.
O, qeyd edib ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb: “İki nəfər yanıq xəsarəti alıb, 1 nəfər tüstüdən boğulub, daha 1 nəfər travmatik xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Binaya və ərazidəki avtomobillərə dəyən zərər aidiyyəti qurumlar tərəfindən araşdırılır”.
23:04
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən binada partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.
İlkin məlumata görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Hazırda vəziyyətləri ağır stabildir.
Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən 1-i barotravma diaqnozu ilə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
1991-ci il təvəllüdlü bir nəfər isə natamam yanıq məhsullarıyla zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Xəsarət alanların hər biri kişidir.
22:48
Baku TV Xırdalanda baş verən partlayışla bağlı hadisə yerindən canlı yayıma çıxıb.
Məlumata görə, aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub.