Azərbaycan Prezidenti İlham Əliyevin 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının birdəfəlik maddi yardımla təmin olunması barədə sərəncamının icrasına göstəriş verilib.
Sərəncamın icrası ilə əlaqədar hazırkı vəziyyətdə DSMF 18 881 nəfər maddi yardımla təmin olunub və ayrılmış vəsait onların kart hesablarına köçürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bu gün keçirilən konfransda bildirib.
DSMF sədri qeyd edib ki, həmin şəxslərin 342 nəfəri bilavasitə Böyük Vətən Müharibəsi iştirakçılarıdır.
“Həmin şəxslərin hər birinə 800 manat məbləğində birdəfəlik maddi yardım edilib”.
Yerdə qalan 17 539 nəfərə (arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları) 400 manat məbləğində birdəfəlik yardım ödənilib.
DSMF sədri əlavə edib ki, müharibə iştirakçılarına verilən maddi yardımların MDB üzrə ən yüksək göstəricisi Azərbaycanda qeydə alınıb.
Belə ki, Azərbaycan manatı ilə ifadə etsək, bu məbləğ Belarusda təxminən 740, Rusiyada 138, Qazaxıstanda 570, Özbəkistanda isə 295 manat təşkil edir.
Elman Mehdiyev müavinətlərin köçürülməsi prosesinin başa çatdığını, sərəncamın icrasına 8,3 mln. manat vəsaitin sərf olunduğunu qeyd edib.