Bakı şəhərinin Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən "Nağıl Bağ" restoranı ilə bağlı ərazidə yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə şikayət ünvanlayıblar.
Vətəndaşlar bildirirlər ki, iaşə obyektində gecə saatlarında yüksək səslə musiqi səsləndirilir və bu, həmin ətrafda yaşayanların narahatlığına səbəb olur.
Şikayətə əsasən, restoranın yaşayış məntəqəsinə yaxın ərazidə yerləşməsinə baxmayaraq, səs səviyyəsinə nəzarət edilmir.
Sakinlər qeyd ediblər ki, xüsusilə gecə saatlarında musiqinin səsi onların istirahətinə mane olur.
Məsələ ilə bağlı restoran rəhbərliyinin də mövqeyi öyrənilib. Obyektin nümayəndəsi bildirib ki, qanunvericiliyə uyğun olaraq musiqinin gecə saat 12-yə qədər səsləndirilməsinə icazə var və obyekt bu qaydalara əməl edir.
Restoran tərəfi iddiaların əsassız olduğunu deyərək, təhlükəsizlik kameralarının görüntülərini təqdim edib. Diqqətə çatdırılıb ki, gecə saat 12-dən sonra restoranda canlı musiqi dayandırılır və səhnədə fəaliyyət olmur.
Obyekt nümayəndəsi istənilən tarix üzrə görüntülərin yoxlanıla biləcəyini də qeyd edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb.
Qurumdan bildirilib ki, aşkarlanan hüquq pozuntuları və sakinlərin müraciətləri əsasında Xətai rayonu ərazisində vətəndaşları narahat edən məişət səs-küyü ilə bağlı neqativ halın aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
DİN-in məlumatına görə, ictimai iaşə obyektinin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilib.