Özbəkistanda Oliy Məclisin Qanunvericilik Palatası özbək əlifbasının və orfoqrafiya qaydalarının təkmilləşdirilməsini nəzərdə tutan "Latın qrafikasına əsaslanan özbək əlifbasının tətbiqi haqqında Özbəkistan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsini nəzərdən keçirib və qəbul edib.
Oxu.Az-ın Uzdaily.uz-a istinadən xəbərinə görə, müzakirə zamanı qeyd edilib ki, son illərdə Özbəkistanda özbək dilinin inkişafına və onun dövlət dili kimi statusunun möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir.
Vurğulanıb ki, özbək dilinin tətbiq dairəsi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ardıcıl olaraq genişlənir, onun öyrənilməsinə maraq isə artmaqda davam edir.
Bu baxımdan, qanun layihəsinin tərtibatçıları elmi tədqiqatların nəticələri nəzərə alınmaqla latın qrafikasına əsaslanan əlifbanın təkmilləşdirilməsini təklif ediblər. Sənədə əsasən, mövcud 26 hərf və üç hərf kombinasiyası (birləşməsi) əvəzinə özbək əlifbası 28 hərfdən və bir apostrof işarəsindən ibarət olacaq. Bundan əlavə, ayrı-ayrı hərflərin istifadəsi qaydası da dəqiqləşdirilir.