Gədəbəydə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 29-u saat 20:20-də Gədəbəy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər (kişi cinsli) komatoz vəziyyətdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Zəruri ilkin tibbi xidmət göstərilən, vəziyyəti ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsinə təxliyə olunub.
Qapalı kəllə-beyin travması, baş-beynin əzilməsi, kəllə əsasının sınığı, hemopnevmotoraks və digər diaqnozlar təyin edilən pasiyent üzərində cərrahi əməliyyat icra olunub.
Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır", - deyə məlumatda bildirilir.
Gədəbəydə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, avqustun 29-u saat 20 radələrində Gədəbəy rayonunun Maarif kəndi ərazisində 1981- ci il təvəllüdlü Ramiz Həsənəliyevin idarə etdiyi VAZ-21043 markalı, 50-BU-563 dövlət nömrə nişanlı avtomobillə 2006-cı il təvəllüdlü Rəvan Şirinovun idarə etdiyi VAZ-2121 markalı, 10-GV-054 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Qeyd edək ki, hadisə nəticəsində 2022-ci il təvəllüdlü Uğur Həsənov və 1981-ci il təvəllüdlü Raziyyə Bağırova hadisə yerində həlak olublar. VAZ-21043 markalı avtomobilin sürücüsü Ramiz Həsənəliyev isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova
29.08.2025-ci il tarixində, saat 20 radələrində Gədəbəy-Şəmkir avtomobil yolunun Gədəbəy rayonu Maarif kəndindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olanların adları bəlli olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, xəbər verir ki, Rəvan Şirinovun idarə etdiyi avtomobillə Ramiz Həsənəliyevin idarə etdiyi nəqliyyat vasitəsinin toqquşması nəticəsində sərnişin, 2022-ci il təvəllüdlü U.Həsənov və 1981-ci il təvəllüdlü Raziyyə Leysan qızı Bağırova aldıqları xəsarətdən hadisə yerində ölüblər.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü R.Həsənəliyev xəstəxanaya yerləşdirilib.
Fakta görə, Gədəbəy RPŞ-də Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılır.
Samir Əli
Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Maarif kəndində qeydə alınıb.
VAZ-2104 və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər - qadın və uşaq həyatını itirib, daha bir nəfər - 1981-ci il təvəllüdlü Ramiz Həsənəliyev ağır xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.