Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gəncə sakinləri suya qoyulan sayğacdan dolayı ağacları sulaya bilmirlər
Gəncə şəhər sakinləri Şah İsmayıl Xətai prospektində, restoran yaxınlığındakı ümumi istifadə edilən suya sayğacın qoyulmasından narazıdırlar:
Onlar Oxu.Az-a müraciət edərək bildiriblər ki, hazırda suya qoyulan sayğacdan dolayı ağacları sulaya bilmədikləri üçün yaşıllıq məhv olur:
"Əvvəllər ağacları sulamaq üçün ümumi istifadə etdiyimiz su var idi. Həmin suya sayğac quraşdırdılar. Bundan sonra sudan istifadə zamanı sayğac çox məbləğ yazdığı üçün ağacları sulaya bilmədik. Ağaclar da susuz qalıb quruyur. Hamısı bahalı ağacdır, yaşıllıqdır. Əgər parklarda su sayğacsızdırsa, burada da elə olmalıdır. Burada ağaclıqdır, park kimidir. Suyu sayğacsız etsinlər, biz də ağacları sulayaq, qurumasınlar. Bununla bağlı icra hakimiyyətinə şikayət etmişik. Deyirlər ki, biz ona baxmırıq".
Mövzu ilə bağlı Oxu.Az Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq qurumdan bildirilib ki, məsələ ilə əlaqədar olaraq, ərazidə yaşayan sakinlərin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinə müraciət etmələri tövsiyə olunur.
"Qeyd olunan ərazidə su sayğacı şəhər ərazisində olan su sərfiyyatının ölçülməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə şəhər Sukanal idarəsi tərəfindən quraşdırılıb. Məsələ ilə əlaqədar olaraq, ərazidə yaşayan sakinlərin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinə müraciət etmələri tövsiyə olunur. Belə ki, sakinlərin müraciəti əsasında Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ərazidə olan yaşıllıqlara qulluq göstərə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə şəhər Sukanal idarəsi ilə müqavilə bağlayaraq, sərf olunan suyun müqabilində ödəniş edə bilər".
Aygün Mirakif
Rəylər