Gəncədə şagirdləri zəhərlənən məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
"Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Şagirdlərin qida məhsulunu alaraq istehlak etdikləri bufetdə yoxlama aparılıb, fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Yoxlama zamanı bufetdə satışa çıxarılan qida məhsullarından nümunələr götürülərək laboratoriyaya göndərilib. Araşdırmalar davam etdirilir", - deyə məlumatda bildilir.
Əzizə İsmayılova
Gəncədə daha iki şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Oxu.Az bu barədə "Qafqazinfo"ya istinadən xəbər verir. Onların 2012-ci il təvəllüdlü Z.Əsədullayeva və 2015-ci il təvəllüdlü N.Rzayeva olduğu qeyd edilir.
Orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
"Zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb. Xəstəxanaya müraciət edən şəxslər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır", - deyə prokurorluğun məlumatında bildirilib.
Gəncə şəhərində zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şagirdlərin adları məlum olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, zəhərlənənlər S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyevadır (2017).
Onları müəllimlərin köməyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriblər.
İlkin məlumata əsasən, şagirdlər oxuduqları məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərləniblər.
Gəncə şəhərində zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şagirdlərin vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 1-də saat 12:30-da beş nəfər (qadın cinsli) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, mütəxəssislər tərəfindən araşdırmalara başlanılıb:
"Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
Gəncə şəhərində zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən şagirdlər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri olublar.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
"Bu gün Gəncə şəhəri, Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss ediblər. Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Gəncədə olan məktəblərin birində təhsil alan 5 şagird zəhərlənib.
Onları müəllimlərin köməyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriblər. Hazırda şagirdlərə tibbi yardım göstərilir.