Gəncə şəhər yanğından mühafizə xidmətinə Dədə Qorqud küçəsi, bina 30, mənzil 35-də yanğının baş verməsi ilə bağlı məlumat daxil olub.
Dərhal hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, yanğın söndürüldükdən sonra evdə 67 yaşlı Maral İsmayılovanın yanmış cəsədi aşkar edilib. Meyitin ilk müayinəsi zamanı məlum olub ki, Maral İsmayılovaya bıçaqla xəsarət yetirilib.
Qeyd edək ki, Maral İsmayılova Gəncə şəhəri 39 saylı tam orta məktəbin rus dili müəllimidir.
Faktla bağlı araşdırma aparılır.
22:02
Gəncədə yaşayış evində ölüm hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, yanğın hadisəsi bu gün saat 21 radələrində şəhərin Dədə Qorqud küçəsi bina 30 mənzil 35-də baş verib.
Məlumata görə, mənzildə yanğın baş verməsi barədə idarəyə məlumat daxil olub.
Dərhal yanğınsöndürənlər hadisə yerinə yollanıb. Alovun qarşısı alınsa da, mənzildən 1947-ci il təvəllüdlü İsmayılzadə Maral Yusif qızının meyiti aşkarlanıb. Gəncə şəhər Prokurorluğunun və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.
İlkin məlumata görə, qadın qətlə yetirilib, sonra isə mənzili yandırılıb.