Ötən gün Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar oktyabrın 6-sı, saat 12:30-da iki nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Hər iki şəxsə başın dəqiqləşdirilməmiş lokalizasiyasının səthi travması diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd olunur.
Əzizə İsmayılova
Dünən saat 12:00-da Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala əsasən, yüksək sürətlə hərəkət edən "Haval" markalı, 20-EF-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına anidən digər avtomobilin çıxması nəticəsində sürücü idarəetməni itirib və nəticədə yol kənarında hərəkət edən üç piyadanı vurub.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Hadisə nəticəsində bir piyada hadisə yerində dünyasını dəyişib, digər iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, yüksək sürət və təhlükəsizlik tələblərinə laqeyd yanaşmaq faciəvi nəticələrə gətirib çıxarır:
"Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək sadəcə vəzifə deyil, həm də hərəkət iştirakçılarının təhlükəsizliyinə göstərilən hörmətdir".