Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Gəncədə məktəblilər arasında dava: Xəsarət alan var
Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-liseyin dördüncü sinif şagirdləri arasında yaranan mübahisədən sonra məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti orqanlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
"Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-liseyin dördüncü sinif şagirdləri arasında mübahisə yaranıb. Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib.
Stresin idarəolunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər həyata keçirilir. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional idarə tərəfindən izlənilir. Məktəblilərin valideynləri də təhsil müəssisəsinə dəvət edilib, onlarla maarifləndirici görüş keçirilib.
Həm təhsil müəssisəsinin psixoloqu, həm də idarənin "Psixoloqların dəstək qrupu" tərəfindən məktəbdə şagirdlərlə söhbət aparılıb
Qeyd edirik ki, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti orqanlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların həssas dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik", - məlumatda qeyd olunub.
Gəncədə məktəblilər arasında mübahisə düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən hadisə aprelin 18-də baş verib.
"Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksinin 4-cü sinfində oxuyan iki şagirdi arasında mübahisə düşüb, onlardan biri xəsarət alıb. Bununla bağlı ekspertiza təyin olunub, məsələyə aparılan araşdırmadan sonra hüquqi qiymət veriləcək".
Xatırladaq ki, ötən gün Gəncə şəhərində yerləşən daha bir məktəbdə də şagirdlər arasında mübahisə düşüb, bir nəfər xəsarət alıb.
Aygün Mirakif