Türk Şurasına üzv ölkələrin KİV əməkdaşlarının bu gün Gəncəyə səfəri baş tutub.
Media turu çərçivəsində media nümayəndələri ballistik raket və reaktiv artilleriyadan atəşə tutulan Gəncə şəhərinin bombalanması zamanı şəhid olanların xatirəsini ehtiramla yad ediblər.
“Azərbaycan tərəfinin dəvəti ilə beynəlxalq nümayəndə heyətinin tərkibində Gəncə şəhərinə səfər etdik. Bilirsiniz, gördüklərimiz bizi dəhşətə gətirir”, - deyə “Kazİnform”un nümayəndəsi Serikbol Koşmağanbetov Media.Az-a açıqlamasında bildirib.
O qeyd edib ki, təbii ki, bu şəhər hərbi əməliyyatların iştirakçısı olmayıb, çünki döyüş bölgəsindən çox uzaqda yerləşir.
“İndi elə bir vəziyyətdəyəm ki, təsvir etmək belə mümkün deyil, dəhşətə gəlirəm... Daha dəhşətlisi odur ki, yaşayış məntəqələrinə raket gecə, insanlar sakitcə yatarkən atılıb. Heç kimin ağlına belə gəlməzdi ki, bombardman döyüş bölgəsinin xaricində olan bir şəhərə təsir edə. Nə qədər dağılan yaşayış binası, öldürülən mülki vətəndaşlar var, deyəsi sözüm yoxdu, sadəcə söz tapa bilmirəm”, - deyə o fikirlərini paylaşıb.
Koşmağanbetov deyir ki, yerli sakinlərlə Gəncənin bombalandığı o dəhşətli günlər barədə söhbət ediblər.
“Bu, heç də xəbərlərdə gördüyümüz kimi deyil, bu dağıntıları canlı görmək daha ağırdır. Müharibə zamanı Qazaxıstan qardaş Azərbaycan xalqına empatiya bəsləyirdi. Gəncəyə zərbələrdən sonra ictimaiyyət nümayəndələri Azərbaycanın Qazaxıstandakı səfirliyinə kütləvi şəkildə güllər gətirdilər. Ölkəmiz hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü və sizin ölkənizin bütün təşəbbüslərini dəstəkləyib və dəstəkləyir”, - deyə o yekunlaşdırıb.