Gəncə şəhərində qonşular arasında düşən dava zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 19-u, saat 02:30-da iki nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif növ yüngül bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olub, ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
Gəncə şəhərində qonşular arasında düşən dava üç nəfərin xəsarət alması ilə nəticələnib.
Oxu.Az xəbər verir ki, hadisə ötən gecə, təxminən saat 23:50-də qeydə alınıb.
Belə ki, şəhərin Bağman yaşayış massivində yaşayan qonşular arasında düşən əlbəyaxa dava nəticəsində 1967-ci il təvəllüdlü Bəxtiyar Qasımov, 1964-cü il təvəllüdlü Məmmədəli Bağırov və 1971-ci il təvəllüdlü Kəmalə Qasımova xəsarət aldıqları üçün xəstəxanaya çatdırılıblar.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisənin baş verməsinə səbəb Məmmədəli Bağırovun sərxoş vəziyyətdə söyüş söyməsi olub.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Əzizə İsmayılova