“Sosial şəbəkələrdə yayılan videomaterialda test nəticələrinin neqativ olduğunu iddia edən şəxsdə hər iki cavab pozitiv çıxıb”.
Oxu.Az xəbər verir ki, bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, son günlərdə Gəncə şəhər sakininin koronavirus testinin nəticəsi neqativ olduğu halda Goranboy Rayon Mərkəzi Xəstəxanasında koronoviruslu xəstələrlə birgə məcburi müalicəyə cəlb olunduğu iddiaları ilə bağlı sosial şəbəkələrdə video yayılıb:
“Yayılan videomaterialla bağlı bildiririk ki, vətəndaşdan 11 və 13 aprel 2020-ci ildə koronavirus analizi üçün nümunə götürülüb və hər iki testin nəticəsi pozitiv olub.
Videomaterialda iddia edilir ki, vətəndaşa SMS sistemi vasitəsilə testinin nəticəsinin neqativ olduğu barədə ismarıc göndərilib. Qeyd olunan məsələ dərhal TƏBİB tərəfindən araşdırılıb və məlum olub ki, sözügedən şəxs, eyni zamanda, Gəncə Şəhər 6 saylı Poliklinikanın qeydiyyat şöbəsinin əməkdaşıdır.
Analiz üçün nümunələr götürülən zaman, bir neçə şəxs eyni telefon nömrəsi qeyd etdiyindən, həmin şəxslərdən birinin test nəticəsi SMS vasitəsilə göndərilib. Buna baxmayaraq, şəxsə hər iki testinin nəticəsinin pozitiv olduğu barədə dəfələrlə məlumat verilib və laborator nəticələr vətəndaşa təqdim edilib.
Ancaq vətəndaş müalicə almaqdan imtina edərək, dəfələrlə karantin qaydalarını pozmağa cəhd edib”.
14:45
Gəncədə test nəticələri neqativ çıxan şəxslərin karantinə alındığına dair məlumatlar yayılıb.
Oxu.Az xəbər verir ki, məlumatlarla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
İddia edilir ki, video Gəncədə çəkilib. Vətəndaşlar tibb müəssisələrinin baş həkimlərindən narazı olduqlarını, test nəticələri neqativ çıxdığı halda karantinə alındıqlarını qeyd ediblər.
Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-a açıqlama verib.
O bildirib ki, sözügedən görüntülərdən xəbərdardırlar:
“Görüntülərdəki şəxslərin test nəticələri pozitiv çıxıb. Qətiyyən ola bilməz ki, test cavabları neqativ çıxan şəxslər karantinə götürülsün.
Xanım orada sms məsələsini vurğulayıb. Ona da aydınlıq gətirim ki, bəzən bir ailədən bir neçə nəfər xəstəxanaya eyni əlaqə nömrəsi verir. Ola bilər ki, o nömrəyə neqativ olduğuna dair cavab gələr, amma bu cavab o xanımın analiz nəticələrinə aid deyil”.
“Görüntülər Goranboy Mərkəzi Rayon Xəstəxanasında lentə alınıb. Xanımlar isə Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının işçiləridir”, - deyə R.Əliyeva qeyd edib.
“Sosial şəbəkələrdə yayılan videomaterialda test nəticələrinin neqativ olduğunu iddia edən şəxsdə hər iki cavab pozitiv çıxıb”. Oxu.Az xəbər verir ki, bu barədə...
Könül Cəfərli
Rəylər