Toy şənliyinə həm Azərbaycan, həm də Türkiyə diasporunun nümayandələri qatılıblar
Avstraliyada yaşayan azərbaycanlılar Sidney şəhərində Novruz bayramını qeyd ediblər.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, eyni zamanda Novruz günündə Gəncə hökmdarı Cavad xanın nəslindən olan Kazım Cavadxanlının qızı Yasəmən Cavadxanlı ilə Yunus Serinelin toy şənliyi də baş tutub. Toy şənliyinə həm Azərbaycan, həm də Türkiyə diasporunun nümayandələri qatılıblar.
Toy mərasimində çıxış edən Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti İmamətdin Qasımov Novruz bayramında keçirilən toy şənliyində Avstraliyada yaşayan azərbaycanlılar və türklərin bir araya gəldiyini, bir-birlərini daha yaxından tanımaq fürsəti aldə etdiklərini deyib.
Qeyd edək ki, Malayziyada tanınmış neyrocərrah K.Cavadxanlı Azərbaycan sərkərdəsi və Gəncə xanlığının sonuncu hökmdarı Cavad Xanın kötükcəsidir. Gəncə xanlığının çar Rusiyası tərəfindən işğalından sonra Cavad xanın nəslinin sağ qalmış nümayəndələri Təbrizə köçüblər. K.Cavadxanlı da 1947-ci ildə Təbrizdə anadan olub, 1976-1982-ci illərdə Belcikada neyrocərrahiyyə üzrə təhsil alıb.
1982-ci ildən Malayziyaya köçən soydaşımız paytaxt Kuala-Lumpurdakı Malayziya Milli Universitetinin tibb fakültəsində mühazirələr oxuyub, bu ölkədə ilk neyrocərrahiyyə əməliyyatı aparıb. O, hazırda neyrocərrahiyyə üzrə mütəxəsis kimi fəaliyyətini Malayziyanın Penanq ştatında davam etdirməkdədir. K.Cavadxanlının iki oğlu və bir qızı var, övladlarından ikisi – qızı və bir oğlu Avstraliyada yaşayırlar.
