Sosial şəbəkədə Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) əməkdaşının yol hərəkəti qaydalarını pozduğu üçün cəzalandırıldığına dair rəsmi məktub paylaşılıb.
Oxu.Az xəbər verir ki, bu barədə vətəndaş Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlayıb. Onun müraciəti araşdırılıb və idarədən rəsmi cavab verilib. Lakin paylaşım edən şəxs öz adını gizlətməklə rəsmi cavab məktubunu ictimailəşdirib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov saytımıza açıqlamasında faktı təsdiqləyib və vətəndaşın bu paylaşımı hansı məqsədlə etdiyini başa düşmədiyini deyib:
“Sözügedən şikayət məktubu Sabunçu rayon Bakıxanov qəsəbəsi, S.Qocayev, məhəllə 4094 ərazisində yaşayan Dədəverdiyev Əsəd İntiqam oğlu tərəfindən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə ünvanlanıb. O, 99-YP-410 dövlət qeydiyyat nişanlı patrul avtomobilini idarə edən patrul əməkdaşının görüntülərini “YouTube” kanalına yerləşdirib. Görüntülərlə birlikdə idarəyə göndərdiyi məktuba baxılıb, araşdırma aparılıb və aidiyyəti üzrə vətəndaşa cavab verilib. Təəssüflər olsun ki, Ə. Dədəverdiyev ona verilən rəsmi cavabı sosial şəbəkədə paylaşıb. Vətəndaşın paylaşım etməkdə məqsədinin nə olduğu bizə məlum deyil".
V.Əsədov onu da əlavə edib ki, Ə.Dədəverdiyev 2020-ci ilin ilk dörd ayı ərzində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə doqquz belə müraciət ünvanlayıb:
“O, 2016-cı ildən bizə bu tipli müxtəlif müraciətlər ünvanlayır. Təkcə 2020-ci ildə onun ünvanlandığı doqquz bu tipli müraciət tərəfimizdən cavablandırılıb. 2019-cu ildə vətəndaşın bənzər daha yeddi müraciətinə baxılıb və cavablandırılıb. Sonuncu müraciət əsasında, onunla şəxsən əlaqə saxladım. Cavab məktubunun öz adının gizlədilməsi surətilə sosial şəbəkədə paylaşmasının səbəbini soruşdum. Vətəndaş cavab olaraq bizə öz hüquq və vəzifələrindən istifadə etdiyini bildirdi”.
Qeyd edək ki, cavab məktubunda yol hərəkəti qaydalarını pozan 99-YP-410 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan YPX əməkdaşının aidiyyəti üzrə intizam məsuliyyətinə cəlb olunduğu bildirilib.

Könül Cəfərli