Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Göyərtini bir gecədə çürüdən kimyəvi maddələrdir" - Fermerdən XƏBƏRDARLIQ
"Bu gün heç bir əkin sahələrinə nəzarət yoxdur. Sahibkarlar bir hektar qarpız və pomidor sahələrinə bir ton gübrə səpirlər".
Oxu.Az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında fermer Anar Abbasov bir gecədə göyərtinin çürüməsinin səbəblərindən danışarkən deyib.
Onun sözlərinə görə, bir hektar sahəyə 40 kiloqram azot verilməlidir:
"Bu gün bazarlarda satılan göyərtilərin bir gecədə xarab olmasının səbəbləri var. Göyərtini bir gecədə çürüdən kimyəvi maddələrdir. Bütün əkinçilər bir-biri ilə yarışa girib, daha çox məhsul satıb qazanmaq üçün hər bir yola əl atırlar. Bütün əkinçilərin şüarı "Bazara birinci biz girməliyik" olub. Əkinçi göyərtinin toxumunu səpəndə birinci onu bazara tez çıxarmağın yolunu cızır. Onun üçün keyfiyyət, kəmiyyət söhbəti kənarda qaldı. Əkinçi deyir ki, necə edim ki, göyərtinin boyu 10 günə qalxsın və tez də satım".
Anar Abbasov bildirib ki, sahibkarlar kimyəvi maddələr qatmaqla bitkilərin böyümə balansını pozurlar:
"Bitkilərin böyümə balansı var. Keşniş, şüyüd 50-55 günə yetişir. Amma sahibkarlar bunun balansını pozurlar. Xüsusən də gecələr ona günəş əvəzi damma şüaları verirlər. Həmin şüalardan sonra göyərti 15-20 günə bazara çıxır. Biz birinci göyərtini çıxaranda, onlar artıq ikincini bazara təhvil verirlər".
Anar Abbasov təəssüf hissi ilə bu maddələrin insan səhhətinə zərərli olduğunu açıqlayıb:
"İnsan bunu yeyir və beləliklə, kimyəvi qatqılarla millətin genofondunu məhv edirik. Bizim davamız budur. Ölkəyə xüsusi maddələr gətirilir ki, heç birinin tərkibi bilinmir".